“İdrak” liseyində müəllimin güllələnməsinin yeni detalları: Evdə iki silah olub - Hökm

"İdrak" liseyində müəllimin güllələnməsində ittiham olunaraq həbs edilən yeniyetmənin atası Samir Şirinovun cinayət işinə baxılıb.

Teleqraf-ın xəbərinə görə, Samir Şirinov Cinayət Məcəlləsinin 230-cu maddəsi ilə təqsirli bilinib.

İttihama görə, o, Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik idarəsi tərəfindən verilmiş ov silahı olan tüfəng əldə edib və həmin mülki silahın, onun döyüş sursatlarının saxlanılmasına görə məsuliyyət daşıyıb.

Həmin silahdan istifadənin təhlükəsini nəzərə almalı olduğu halda, ov silahını və 1 ədəd 36 kalibrli patronu 2025-cı ilin dekabrında yaşadığı evin otağında əlçatan yerdə saxlayıb.

Mühafizə olunmayan yerdə nəzarətsiz saxlanıldığını bilən və bu boşluqdan istifadə edən 2010-cu il təvəllüdlü oğlu ov tüfəngini və onun yanında olan 1 ədəd 36 kalibrli patronu həmin yerdən götürərək öz otağında idman çantasında gizlədib.

Növbəti gün, azyaşlı oğlan silahı özü ilə təhsil aldığı Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti-3 ünvanda yerləşən “İdrak” Liseyinə aparıb. Məktəbin müəllimi Şəhla Kamilovanı öldürmək məqsədi ilə bir dəfə atəş açıb, onu ağır yaralayıb.

Cinayət işi üzrə ifadə verən Samir Şirinov özünü təqsirli bilməyib. O bildirib ki, 2 ədəd silahı olub, onlardan birini 20 il əvvəl, digər hadisə zamanı oğlunun istifadə etdiyi silahı isə 13-14 il öncə əldə edib.

Təqsirləndirilən şəxs silahı yaşadığı evdə dəmir seyfdə saxladığını deyib. 2016-cı ilə qədər Sumqayıt şəhərində yaşadığını, silahların da Sumqayıt Şəhər Polis İdarəsində qeydiyyatda olduğunu, 2016-cı ildən isə Bakı şəhərinə köçdüyünü, silahları da özü ilə bərabər Bakı şəhərinə gətirdiyini bildirib.

Şirinov ifadəsinə əlavə edib ki, Bakıya köçdükdən dərhal sonra Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edib və yaşayış ünvanını dəyişməsi barədə məlumat verib: “Bundan sonra il ərzində 2 dəfə - 6 aydan bir polis əməkdaşları silahlara baxış keçirib. Sonuncu dəfə 2025-ci ilin sentyabr ayında polis əməkdaşları yaşadığım ünvana gələrək silahlarıma baxış keçirdilər.

Silahları həmişə yataq otağının daxilində olan ayrıca qarderob otağında seyfdə saxlamışam, qarderob otağının qapısı isə həmişə bağlı olub. Hətta qapı xüsusi mexanizm vasitəsilə yığılıb, qapı örtülü olarkən avtomatik bağlanıb, açarı isə həyat yoldaşımın yataq otağında saxlamışam. Açarın bizdən başqa şəxs tərəfindən götürülməsi mümkün olmayıb. Sadəcə həmin vaxt ailədə başımız xeyir işə qarışıq olduğundan oğlum açıq olan qarderob otağına keçərək silahı götürə bilib”.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, səhhətində yaranmış problemlərə görə uzun müddət ova gedə bilməyib, silahlar isə həmişə seyfdə saxlanılıb: “Oğlum heç vaxt silahlarımı açıq vəziyyətdə görməyib. 2025-ci ilin sentyabr ayında Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları yaşadığım ünvana gələrək silahlara baxış keçirəndə silahlar masanın üzərində açıq vəziyyətdə idi. İlk dəfə həmin gün oğlum silahları gördü və mənə silaha aid suallar verdi. Mən isə həmin silahların ov silahı olduğunu bildirdim. Hətta sənədləri ilə də oğlumu tanış etdim.

Seyf köhnə olduğuna görə qapısı çətinliklə açılırdı. Ona görə həmin ilin dekabr ayında Yeni il bayramı qabağı həyat yoldaşım dedi ki, seyf çox köhnədir, paslıdır, seyfi qarderob otağından çıxarım. Mən də düşündüm ki, yeni seyf alaram, köhnə seyfi qarderob otağından çıxardaraq atdım. Silahları isə qarderob otağında gözlə görünməyən yerdə - paltar və ayaqqabı qutularının arxasında gizlətdim. Oğlumun özünün heç vaxt silaha meyli olmayıb. Silahı ordan necə götürdüyündən xəbərsiz olmuşuq”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, özünü təqsirli bilmir, müstəntiq qarderobda yığılan rəflərin açıq olduğuna görə ona ittiham verib.

Təqsirləndirilən şəxs sonda baş verən hadisənin onları dərin sarsıtdığını, belə bir hadisənin baş verməsinə, müəllimin vurulmasına təəssüfləndiyini bildirib, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edib.

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə Samir Şirinova aylıq qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla 2 il müddətə islah işləri cəzası təyin edilib.

Təqsirləndirilən şəxsə təyin olunmuş islah işləri cəzasını iş yeri üzrə çəkməsi və cəzasının çəkilmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablanması qərara alınıb.

Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılıb.

Hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilib. İşdə olan silah isə müvafiq qərarla maddi sübut kimi tanınıb və Daxili İşlər Nazirliyinin silah anbarında saxlanılması nəzərə alınıb.

Qeyd edək ki, Samir Şirinovun oğlunun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

İttihama görə, müəllim Şəhla Kamilova şagirdə dərsi bilmədiyi üçün irad bildirib. Şagird iradı özünə hörmətsizlik kimi qəbul edib. Daha sonra yeniyetmə Rəsulzadə qəsəbəsindəki evlərindən atası Samir Şirinov tərəfindən gizlədilən ov tüfəngini və patron darağını öz otağına aparıb. Patronu darağa yerləşdirib və tüfəngi çantasında gizlədib. O, tüfəngi gözətçinin çantalara baxmadığı üçün rahatlıqla liseyə keçirə bilib. Daha sonra odlu silahı atəşə hazır vəziyyətə gətirib və müəllim Şəhla Kamilovanın olduğu otağa gətirərək atəş açdıqdan sonra oranı tərk edib.

Xatırladaq ki, hadisə bu ilin fevralın 6-da paytaxtın Binəqədi rayonunda yerləşən “İdrak” liseyində baş verib.

Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, məktəbdə şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.