Oğurlanan it ölü halda elektrik dirəyindən asılmış vəziyyətdə tapılıb

Türkiyənin Hatay vilayətinin Kırıkhan rayonunda evin həyətindən oğurlanan Belçika qurdu cinsindən olan it ölü halda elektrik dirəyindən asılmış vəziyyətdə aşkarlanıb.

Sherg.az xəbər verir ki, hadisə "408 Evlər" məhəlləsində baş verib. Naməlum şəxs və ya şəxslərin evin həyətində bağlı olan iti apararaq öldürdükdən sonra yaxınlıqdakı elektrik dirəyindən asdığı iddia edilir.

Səhər saatlarında iti tapa bilməyən sahibi axtarış zamanı heyvanı evinin yaxınlığındakı elektrik dirəyində asılmış vəziyyətdə aşkar edib və bu barədə polisə məlumat verib.

Hadisə yerinə polis və baytarlıq əməkdaşları cəlb olunub. Baxış zamanı itin öldüyü müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır, hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat tədbirləri görülür.