Türkiyənin Antalya, Muğla və Kütahya vilayətlərində meşə yanğınları ilə mübarizə davam edir. Alovun yaşayış məntəqələrinə yaxınlaşması səbəbindən Seydikemer Dövlət Xəstəxanasının reanimasiya və paliativ şöbələri ehtiyat tədbiri olaraq boşaldılıb.
Sherg.az xəbər verir ki, Muğla Valiliyinin məlumatına görə, yanğın zonasından 43 ev və 65 nəfər təxliyə edilib. Fethiye-Seydikemer-Antalya avtomobil yolu isə müvəqqəti olaraq mülki nəqliyyatın hərəkəti üçün bağlanıb.

Yanğınların söndürülməsinə yüzlərlə əməkdaş, təyyarə, helikopter və xüsusi texnika cəlb olunub. Güclü külək alovun yayılmasını sürətləndirdiyindən söndürmə işləri çətin şəraitdə davam etdirilir.
Antalyanın Kaş rayonunda yanğının söndürülməsi ikinci gündür davam edir. Kütahyanın Çavdarhisar rayonunda isə təxminən 2 kilometrlik ərazini əhatə edən meşə yanğınına havadan və qurudan müdaxilə olunur. Yanğınların başvermə səbəbləri araşdırılır.