Yazıcıoğlu işi üzrə həbs edilən ehtiyatda olan polkovnik ifadə verdi

Böyük Birlik Partiyasının (BBP) qurucu sədri mərhum Muhsin Yazıcıoğlu və daha 5 nəfərin həlak olduğu helikopter qəzası ilə bağlı istintaq çərçivəsində həbs edilən ehtiyatda olan polkovnik Ali Armağan və həyat yoldaşının ifadələri məlum olub.

Sherg.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Ankara Respublika Prokurorluğu tərəfindən aparılan araşdırmada Armağana 25 mart 2009-cu ildə qəzanın baş verdiyi saatlarda Malatya Erhaç Hava Limanından havaya qalxan F-4 qırıcılarının uçuşları ilə bağlı suallar ünvanlanıb.

Ali Armağan hadisə zamanı Kahramanmaraş səmasında deyil, Sivas üzərində tapşırıq yerinə yetirdiyini iddia edib. O, Baş Qərargahdan təqdim edilən məlumatların yanlış olduğunu bildirib və F-16 pilotları ilə birgə TAKSAN uçuşu həyata keçirmədiyini vurğulayıb.

İstintaq zamanı Armağana FETÖ-nün qaçaq vəziyyətdə olan rəhbərlərindən Adil Öksüz və Kemal Batmazla əlaqələri barədə də suallar verilib. Armağan həmin şəxsləri yalnız mediadan tanıdığını, onlarla heç bir əlaqəsinin olmadığını deyib.

Həyat yoldaşı Şərifə Armağan isə Adil Öksüzün evində tapılan və Fətullah Gülənin imzası olan kitabda barmaq izinin aşkarlanmasına münasibət bildirərək, həmin şəxslə hər hansı əlaqəsinin olmadığını söyləyib.

Bundan başqa, Armağanın evində aparılan axtarış zamanı əldə edilən qeydlər, telefon nömrələri və bank məlumatları ilə bağlı da suallar verilib. O, həmin sənədlərin özünə aid olmadığını iddia edib.