Verilməyən mina xəritələri: Ermənistan terror niyyətlərini davam etdirir -ŞƏRH

Ermənistan tərəfinin verdiyi mina xəritələrinin yararlılığı 25 faizi keçmir.
Bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Xankəndidə keçirilən elmi-praktik konfransda deyib.
O bildirib ki, məlumatlar emal edilib:
"Bu məlumatları emal etdik bəlli oldu ki, istifadə olunan məlumatların yararlığı 25 faizi keçmir. Bu çox aşağı səviyyədədir. Yalnız keçmiş təmas xəttini bu əhatə edir".

Hərbi ekspert Emin Həsənli “Sherg.az”a bildirib ki, Ermənistan hələ də soyqırımı və terror niyyətlərini davam etdirir:

“Elə rayon var ki, ora 97 min mina basdırıblar. Ermənilərin kiçik bir ərazini çirkləndirməkdə məqsədləri azərbaycanlıların ora qayıtmasının qarşını almaqdır. Ermənilər “Xocalı Soyqırım”ı törədən quldur, cinayətkar tayfadır. Belə millət və dövlət olmur.  Ona görə də onlar düzgün xəritə vermirlər. İlk öncə bildirdilər ki, xəritə yoxdur, sonra isə etiraf etməyə məcbur oldular. Ümumiyyətlə minaları qeyri-peşəkar insanlar basdıra bilməz. Peşəkar insanlar basdırdıqda isə xəritələri olur. Əvvəllər orada mülki şəxslər və hərbçilər yaşayırdı. Əgər xəritə olmasaydı onlar minaya düşərdilər. Deməli minaya düşmürdülərsə, xəritələri var. Xəritə isə üç hissədən ibarət idi. Biri Müdafiə Nazirliyinin baş qərargahında, ikincisi birləşmədə, üçüncü isə hərbi hissədə saxlanılırdı. Onların verdikləri xəritənin doğruluğu 20 faizdən artıq olmadı. Ona görə də Azərbaycan dövləti Mina Təmizləmə Agentliyi yaratdı. Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Fövqaladə Hallar Nazirliyi hərbi hissələrinin sayı artırıldı. Artıq mina təmizləmə işləri surətlə aparılır. Təmizləmə ilə yanaşı, şəhərlər, kəndlər qurulur, hava limanları tikilir, dəmir yolları və avtomobil yolları çəkilir, hərbi hissələr yaradılır. Azərbaycan üçün ağır da olsa, çətin də olsa digər işlərin öhtəsindən gəldiyi kimi, bunun da öhtəsindən gələcək”.