Azərbaycanın Türkiyə və Gürcüstanla hərbi əməkdaşlığı Cənubi Qafqazda təhlükəsizliyin təminatının ən optimal formuludur -RƏY

Ermənistan da anlasa yaxşı olar


  Batumi şəhərində Türkiyə-Azərbaycan-Gürcüstan müdafiə nazirlərinin növbəti üçtərəfli görüşü keçirilib. İkitərəfli və üçtərəfli formatda keçirilən görüşlərdə birgə hərbi əməkdaşlığın yeni perspektivləri, eləcə də regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. Görüşün nəticələrinə dair üçtərəfli memorandum imzalanıb. Bundan əvvəl Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında ikitərəfli görüş keçirilib. Bildirilib ki, görüşdə müdafiə nazirləri Azərbaycan və Türkiyə arasında bütün sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığın, strateji müttəfiqliyin yüksək səviyyədə olduğunu, eyni zamanda dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu diqqətə çatdırıblar. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iki qardaş ölkə arasında müdafiə sahəsindəki mövcud əməkdaşlığı və perspektiv imkanları yüksək dəyərləndirdiyini xüsusi vurğulayan müdafiə nazirləri əlaqələrimizin daha da gücləndirilməsi məqsədilə bu cür görüşlərin zəruriliyini qeyd ediblər. Müdafiə nazirləri qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın bundan sonra da uğurla inkişaf etdiriləcəyini əminliklə bildiriblər. İkitərəfli görüşdə birgə təlimlərin, təcrübə mübadiləsinin intensivliyinin artırılması, regionda və dünyada mövcud hərbi-siyasi proseslər, bölgədə dayanıqlı sülhün və sabitliyin təmin edilməsi yolları, həmçinin qarşılıqlı maraq doğuran müxtəlif məsələlər haqqında ətraflı fikir mübadiləsi aparılıb.
  
Region ölkələrinin üçtərəfli hərbi əməkdaşlığını "Sherg.az"a təhlil edən ReAL Partiyasının sədr müavini Natiq Cəfərli deyib ki, Azərbaycanın Türkiyə və Gürcüstanla hərbi əməkdaşlığı Cənubi Qafqazda təhlükəsizliyin təminatının ən optimal formuludur: 

"Cənubi Qafqazda sabitlik və əmin-amanlıq olacaqsa, Azərbaycan-Türkiyə və Gürcüstanın siyasi-iqtisadi və hərbi əməkdaşlığı sayəsində baş verəcək. Xüsusən, üç ölkənin hərbi əməkdaşlığı Cənubi Qafqazda təhlükəsizliyin, sabitliyin bir nömrəli təminatçısıdır. Bu reallığı Ermənistan da anlasa yaxşı olar. İrəvan gec-tez bunu dərk edəcək, sadəcə olaraq vaxt itirir ki, bunun zərəri ancaq Ermənistana dəyir. Paşinyan hökuməti Türkiyənin Cənubi Qafqazda təhlükəsizliyin zamini olması reallığını qəbul edərsə, regional əməkdaşlığın önəmini daha yaxşı anlayar. Əfsuslar ki, Ermənistanın kompleksi bölgədə Türkiyə reallığını görməyə mane olur".