Azərbaycan Ordusu artıq NATO standartında qurulur

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;


Türkiyə ilə hərbi əməkdaşlıq Ordumuzun Qərb formatına uyğunlaşmasını sürətləndirir



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 6-da NATO nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinə Türkiyə, Yunanıstan, Macarıstan, Monteneqro, Niderland, Şimali Makedoniya, Norveç, Slovakiya, Sloveniya, İsveç, Çex, Portuqaliya, İspaniyanın NATO-dakı daimi nümayəndələri, həmçinin ABŞ və Fransanın NATO-dakı daimi nümayəndələrinin müavinləri daxildir. NATO nümayəndə heyətinin Prezident İlham Əliyev tərəfindən qəbul olunmasının əhəmiyyətini vurğulayan Türkiyənin alyansdakı daimi nümayəndəsi Basat Öztürk dövlət başçısının NATO mənzil-qərargahına səfərlərini məmnunluqla xatırladıb. O, Azərbaycanın hazırkı inkişafının təməlinin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu deyərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün sahələrdə daha da gücləndiyini vurğulayıb.
Qonaqlar Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində Vaşinqtonda əldə edilmiş nailiyyətlər münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıblar. Təbriklərə görə təşəkkürünü bildirən dövlət başçısı bu məsələdə ABŞ Prezidenti Donald Trampın xüsusi rolunu qeyd edib və əldə olunmuş razılaşmaların regionun inkişafı üçün geniş imkanlar açdığını deyib. Prezident də öz növbəsində NATO mənzil-qərargahına səfərlərini xatırladaraq qeyd edib ki, Əfqanıstandakı əməliyyatlara dəstək Azərbaycan-NATO əməkdaşlığının vacib hissəsi olsa da, ölkəmizlə alyans arasında regional inkişaf, enerji təhlükəsizliyi və digər istiqamətlər üzrə əməkdaşlıq da gündəmdədir. Dövlət başçısı Azərbaycan Ordusunun NATO standartlarına uyğunlaşdırıldığını və bu çərçivədə Türkiyə ordusu ilə sıx əməkdaşlığı vurğulayıb. Bu xüsusda ölkəmizlə alyans arasında əlaqələrin genişləndirilməsinin roluna toxunub. Prezident Azərbaycanın ötən əsrin əvvəllərində müstəqilliyini qazandıqdan bəri əsas məqsədimizə çatdığımızı - torpaqlarımızın işğaldan azad olunduğunu vurğulayaraq qeyd edib ki, ordumuzun müasiriləşdirilməsi prosesi bundan sonra da davam edəcək. Dövlət başçısı NATO nümayəndə heyətinin ölkəmizə səfərinin uğurlu olacağına ümidvarlığını bildirib. Söhbət zamanı Azərbaycanın NATO-nun dəyərli tərəfdaşı olduğu vurğulandı, Silahlı Qüvvələrimizin Əfqanıstanda "Qətiyyətli dəstək" əməliyyatlarındakı xidmətləri, bu xüsusda ölkəmizin regional nəqliyyat və logistika mərkəzi kimi töhfələri yüksək qiymətləndirildi, sülhməramlılarımızın Əfqanıstanı sonuncu tərk edən hərbi qulluqçular olduğu qeyd edilib. Azərbaycanın alyans üzvləri ilə sıx dostluq və strateji tərəfdaşlıq əlaqələrinə toxunulub. NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində ölkəmizin 1994-cü ildən alyansın proqramlarında fəal iştirak etdiyi bildirilib. Görüşdə Azərbaycan-NATO əməkdaşlığının perspektivləri müzakirə olunub, regional və qlobal məsələlərə dair fikir mübadiləsi aparılıb. 
Qeyd edək ki, Azərbaycan ilə NATO arasında əməkdaşlıq son illərdə yeni mərhələyə qədəm qoyub. Bu əlaqələr artıq təkcə siyasi dialoq və texniki yardım səviyyəsində deyil, regional təhlükəsizlik, müdafiə islahatları və beynəlxalq sülhməramlı təşəbbüslər kontekstində də öz əhəmiyyətini artırır. Azərbaycanın NATO ilə əməkdaşlığı üzvlük hədəfi daşımır, lakin qarşılıqlı maraqlara əsaslanan strateji tərəfdaşlıq modelinə çevrilməkdədir. Bakı uzun illərdir “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində alyansla iş birliyini davam etdirir. Bu əməkdaşlıq isə əsasən müdafiə planlaşdırılması, təlim və sülhməramlı missiyalarda iştirak sahələrini əhatə edir. Azərbaycan NATO üzvü olan Türkiyə ilə strateji müttəfiqliyini əsas körpü kimi istifadə edir. Hərbi sistemin türk modeli əsasında yenilənməsi və ordu standartlarının NATO ilə uyğunlaşdırılması da bu istiqamətin praktiki nəticələrindəndir. Lakin Azərbaycanın mövqeyi aydındır: Bakı üçün əsas məqsəd hərbi bloklaşmaya qoşulmaq deyil, milli maraqlar çərçivəsində təhlükəsizlik və inkişaf imkanlarını genişləndirməkdir. Azərbaycan balanslı siyasət yürütməklə beynəlxalq münasibətlərdə neytral, lakin fəal mövqeyini qorumağa çalışır. Azərbaycan NATO ilə əməkdaşlığı özünün çoxvektorlu xarici siyasətinin tərkib hissəsi kimi görür. Bu münasibətləri hər hansı bloklaşma deyil, qarşılıqlı faydaya əsaslanan tərəfdaşlıq prinsipi üzərində qurur. Bu əməkdaşlıq Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirir, müdafiə sisteminin modernləşməsinə dəstək verir və ölkənin regiondakı strateji çəkisini artırır. Eyni zamanda, Bakı üçün əsas məqsəd sabitlik və müstəqil qərarvermə imkanlarını qorumaqdır. Azərbaycanın NATO ilə əlaqələrinin gələcəkdə dərinləşməsi gözlənilsə də, bu prosesin balanslı və ehtiyatlı şəkildə, milli maraqlara uyğun davam etdiriləcəyi şübhəsizdir.

Politoloq İlqar Vəlizadə Sherg.az-a açıqlamasında deyib ki, Azərbaycan və NATO arasında münasibətlər uzun müddətdir davam edir. Ekspert vurğulayıb ki, Azərbaycan Ordusu NATO standartında qurulur:
 "Azərbaycan və qardaş Türkiyənin hər sahədə olduğu kimi hərbi sahədə də dərin əməkdaşlığı Ordumuzun Qərb standartlarına uyğunlaşması prosesini sürətləndirir. Azərbaycan öz Ordusunu Türkiyə ordusu formatında qurur. Nəzərə alaq ki, Türkiyə Ordusu birbaşa NATO çərçivəsində formalaşıb və gündən-günə öz imkanlarını, hərbi-texniki bazasını inkişaf etdirməkdədir. O baxımdan Azərbaycanın Türkiyə ilə sıx əməkdaşlığı Ordumuzun da inkişafına geniş imkanlar yaradır. NATO ilə birbaşa münasibətlər də çox önəmlidir, çünki belə təmaslar ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə yol açır. Digər tərəfdən Azərbaycan NATO münasibətləri həm də siyasi xarakter daşıyır. Regionda gedən proseslərə nəzər salsaq, görərik ki, NATO bir çox bölgələrdə, proseslərdə aparıcı rol oynayır. Hərbi-texniki əməkdaşlıq Azərbaycanın həm də qlobal nüfuzunun artırılması baxımından çox önəmlidir. Həmçinin, Azərbaycanın hərbi alyansla əməkdaşlığı ölkəmizin başqa regionlarda da iştirakına zəmin yaradır. Yaxın və Orta Şərqdə, Mərkəzi Asiya regionunda Azərbaycanın aparıcı rol oynadığı göz önündədir. Əlbəttə, burada söhbət hansısa üçüncü ölkəyə qarşı əməkdaşlıqdan getmir. Əsas hədəf öz hərbi gücümüzü daha da möhkəmləndirmək, qlobal çağırışlara adekvat reaksiya verməkdir". 

 İsmayıl Qocayev