Qaliblər sırasında 7 idman saytı var

"İdman jurnalistikasında həqiqi peşəkarların sayı artacaq"

MEDİA idman jurnalistikasına olan ögey münasibəti aradan qaldırdı


"MEDİA agentliyinin dünənki qərarına kimi idman mediası və idman jurnalistləri Azərbaycanda bütün dövrlərdə diqqətdən kənarda olublar".
Bu sözləri Əməkdar jurnalist, "Qol.az"saytının baş redaktoru Aydın Bağırov deyib. O qeyd edib ki, çox vaxt da onlar bunu dilə gətirməyib, gileylənməyiblər: "Baxmayaraq ki, mediada ən çox əziyyət çəkənlər sırasında idman jurnalistləri öndə gələnlər sırasında olublar.

Saytlarda jurnalistlər var ki, şənbə-bazar demədən, istirahət etmədən çalışırlar, gecə saat 3-4-ə qədər yuxu almırlar ki, sabah səhər oxucu oyanıb sayta baxanda futboldakı hesabdan xəbəri olsun. Amma bütün bunlara baxmayaraq, idman mediası hər zaman dövlətin dəstəyindən məhrum olub: ictimai şüura heç bir təsiri olmayan lazımsız qəzetlərə pul ayrılanda idman mediamıza onlarla istedadlı jurnalist bəxş etmiş "Futbol+" qəzetinin haqlı tələblərinə qulaq asılmayıb, ağır durumda olan bu nəşrə kömək edilməyib. Jurnalistlər üçün fərdi yazı müsabiqələrində isə idman mediasını ümumiyyətlə, yada salan olmayıb". 

A.Bağırov əlavə edib ki, müsbət haldır ki, yeni yaradılan MEDİA agentliyi idman mediasına qarşı bu ögey, qəbulolunmaz münasibəti aradan qaldırdı:

"Qurumun rəhbərliyi İdman Jurnalistləri Federasiyasının və bəzi idman jurnalistlərinin bununla bağlı təkliflərini həssas münasibət göstərərək diqqətdən kənarda qoymadı. Nəticədə əvvəlcə idman jurnalistləri də fərdi yazı müsabiqələrinə buraxıldı. Dünən isə onlayn media üçün elan edilən müsabiqənin qalibləri sırasına 7 idman saytı (Futbol+ qəzetinin də saytı da həmçinin) daxil edildi.
İdman saytlarının böyük əksəriyyətinin iqtisadi durumunun yaxşı olmadığını nəzərə alsaq, MEDİA agentliyinin son qərarının idman jurnalistikamızın həqiqi inkişafına müsbət təsir göstərəcəyini, bu qərarın tezliklə saytların işində canlanmaya səbəb olacağını söyləmək olar. İnanıram ki, bu dəstək gələcəkdə davam etdiriləcək. Bu halda idman jurnalistikasında həqiqi peşəkarların sayı artacaq, onlayn medianın səviyyəsi də yüksəlməyə başlayacaq".