Azər Aslanov: Azərbaycanda idmana yaradılan şərait övladlarımızın sağlam və vətənpərvər ruhda böyüməsinə böyük təsir göstərir

Azərbaycanın dünyada idman ölkəsi kimi tanınması qürurvericidir.

Bu sözləri Sherg.az-a Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Azər Aslanov qeyd edib.

“Azərbaycanda keçirilən yerli və beynəlxalq səviyyəli idman yarışları bir daha sübut edir ki, ölkəmiz dünyanın ən təhlükəsiz və sabit ölkələrindən birinə çevrilib. Bu, ölkədə təhlükəsizliyin təmin olunduğunu, siyasi və iqtisadi sistemin düzgün qurulduğunu göstərir. Eyni zamanda, Azərbaycanın beynəlxalq nüfuz baxımından hansı səviyyədə gücə malik olduğunu ortaya qoyur. Azərbaycanda idmana yaradılan şərait həm də övladlarımızın sağlam və vətənpərvər ruhda böyüməsinə böyük təsir göstərir”.

A. Aslanov ölkəmizin idman ölkəsinə çevrilməsinin Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin apardığı düzgün siyasi kursun nəticəsi olduğunu qeyd edib.

“Hələ Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə bu prosesin əsası qoyulmuşdu. İlham Əliyev isə bu prosesi daha da irəli apardı. Nəticədə Azərbaycan dünyada idman ölkəsi kimi tanındı”.