Ödənişli iş yerlərinin açılması ən uyğun variantdır

Pandemiya şəraitində əhalinin işsiz təbəqəsi bununla ehtiyaclarının müəyyən qismini ödəyirlər

Baxmayaraq ki, bu iş yerləri əlavə dəyər yaratmır, hətta büdcəyə yükdür, amma başqa çıxış yolu da yoxdur


Ödənişli ictimai iş yerləri ilə təmin olunanların sayı artmaqda davam edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatında bildirilir ki, Prezident İlham Əliyevin tapşırığına əsasən ödənişli ictimai iş yerlərinin sayı 90 minə çatdırılıb və həmin işlərə cəlb edilənlərin sayı artıq 65 mini ötüb. Haqqı ödənilən ictimai işlərə cəlb edilən şəxslərin hər biri ilə əmək müqaviləsi bağlanır.
Yeni yaradılan ictimai iş yerləri əsasən dezinfeksiya işlərinin aparılması, tənha yaşlılara və əlilliyi olan şəxslərə sosial xidmətlərin göstərilməsi, eləcə də abadlaşdırma, yaşıllaşdırma, parklara qulluq və s. kimi sahələri əhatə edir.

Məlumdur ki, ictimai iş yerlərinin yaradılması mövcud pandemiya şəraiti ilə bağlıdır. Koronavirus təhlükəsi başlayanda Prezident İlham Əliyevin göstərişi ilə aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bir sıra əsaslı addımlar atıldı.

Bu sırada yaşı 65-dən yuxarı olan və evdən çıxmalarına yasaq qoyulmuş şəxslərə yardım göstərilməsi, ərzaq paylanması, hansısa ehtiyaclarının ödənməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial işçilər prosesə cəlb edildi.

Hətta könüllülərdən ibarət qruplar da yaradıldı. Karantin qaydalarında yumşalmalar edilməsi ilə ahıl şəxslərə qulluq göstərən, yardım edən sosial işçilərin fəaliyyəti azala bilər. Lakin müşahidə edirik ki, hazırda paytaxtda ictimai işlərə cəlb edilənlər çoxdur.

Xüsusilə küçə və parklarda təmizlik işlərinin aparılması baxımından sosial işçilərin əməyi diqqət çəkir. Amma karantin müddətinin bitməsi ilə pandemiya dövrünə aid işlərə də son qoyulduqda bu insanların taleyi necə olacaq?
 
İqtisadçı Natiq Cəfərli “Şərq”ə açıqlamasında qeyd etdi ki, hökumət ödənişli ictimai iş yerləri açmaqla işsizlik kimi ciddi bir probleminin qarşısını almağa çalışdı də buna müəyyən mənada nail oldu: 

- Bu iş yerləri dayanıqlı, yüksək gəlirli olmasa da, işsizliyin qarşısının alınmasında əhəmiyyətli rol oynayır. Nəzərdə tutulub ki, ictimai işlərə cəlb edilənlərin sayı 100 minə çatdırılsın. Hazırkı pandemiya şəraitində əhalinin işsiz təbəqəsini az da olsa gəlirlə təmin etmək üçün bu, uyğun variantdır. Ödənişli ictimai işlərə cğlb edilənlər minimum əmək haqqı dəyərində məvacib alır. Bununla da, ehtiyaclarının müəyyən qismini ödəyirlər. Baxmayaraq ki, bu iş yerləri əlavə dəyər yaratmır, hətta büdcəyə yükdür, amma başqa çıxış yolu da yoxdur. 

Pandemiya dövrü başa çatdığı zaman ictimai iş yerlərinin bəzisinin sıradan çıxmasının hazırda çalışanlara necə təsir edəcəyinə gəlincə, N.Cəfərli bildirdi ki, böyük ehtimalla bu insanlar başqa sahələrə yönəldiləcək: 

- Çox güman ki, bu insanlara başqa sahələrdə iş veriləcək. İctimai iş yerlərinin növünü artırmaq da olar. Paytaxtda parkların, yaşıllıqların əraziləri getdikcə genişlənir, mənzil-kommunal təsərrüfatı birliklərində əlavə işçilərə ehtiyac yaranır. Bu insanlar da həmin işlərə cəlb edilə bilər. Əsas budur ki, həmin vətəndaşlarla əmək müqaviləsi bağlanır. Bu, onlara əlavə üstünlük qazandıracaq. Çünki əmək müqaviləsi bağlanırsa, bu o deməkdir ki, Sosial Müdafiə Fonduna vəsait ödənir və bu da Təqaüd Fondunda əksini tapır. Əgər işçi 250 manat əmək haqqı alırsa, Sosial Müdafiə Fonduna 11 manat ödəniş edilir. Dövlət isə fonda 48 manat ödəyir. Təqaüd yaşına çatanadək sosial ödənişlər onların təqaüd hesabında əksini tapacaq. Və bu insanlar təqaüd ala biləcəklər.