İnvestorların qızıl və gümüşə marağı artıb

"Bu hal dünya bazarlarında gedən bir trenddir"

Azərbaycanda bir il ərzində qızıl və gümüşün qiymətində artım müşahidə olunub. Qızılın bir unsiyası 17,1 faiz-456,5945 manat, gümüş isə 51,2 faiz-15,453 manat bahalaşıb. Bununla yanaşı platin 480,3435 manat (29,3 faiz) bahalaşıb, palladium 14,416 manat (0,4 faiz) ucuzlaşıb. 

İqtisadçı-ekspert Natiq Cəfərli qiymətlərin bahalaşmasına münasibət bildirərkən qeyd edib ki, pandemiya səbəbilə baş verən iqtisadi dalğalanmalar nəticəsində investorların qızıl və gümüşə marağı artıb:

"Bu hal dünya bazarlarında gedən bir trenddir. Pandemiyanın ilk vaxtlarından iqtisadiyyatda ciddi dalğalanmalar yaşandı. Beləliklə, qızıl və gümüşə investorların marağı artıb. Çünki istənilən böhranlı vəziyyətdə qiymətli metallar güvənli liman rolunu oynayır. Dünya iqtisadiyyatında təlatümlər yaşanırsa, bu vaxt investorların bir qismi öz vəsaitlərinin böyük bir qismini dəyərli metallarda saxlamağa çalışırlar. Bu, tarixən belə olub. Pandemiya ilə bağlı dünya bazarlarında yaşanan iqtisadi dalğalanmalar və daralmalar nəticəsində qızıl və gümüşə marağın artması qiymətlərin bahalaşmasına gətirib çıxarır". 

Aytac Ali