İllik 120 min manat...

Dövlət büdcəsindən ayrılan vəsait partiyanın inkişafına və təşkilatlanmaya sərf olunacaq


Milli Məclisdə təmsil olunan siyasi partiyalara dövlət büdcəsində nəzərdə tutulan vəsait ödənilib. Partiyalara maliyyə yardımının göstərilməsi üçün 2021-ci ilin dövlət büdcəsində 4 milyon manat vəsait nəzərdə tutulub. Maliyyə Nazirliyindən verilən məlumata görə, ilin birinci rübü üzrə 10 siyasi partiyaya ümumilikdə 857,5 min manat məbləğində vəsait ödənilib. Vətəndaş Birliyi Partiyasının sədri, deputat Sabir Hacıyev isə vəsaitdən imtina edib. 

Milli Məclisdə təmsil olunan Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli “Şərq”ə deyib ki, parlamentdə təmsil olunan partiyalara 2013-cü ildən etibarən dövlət büdcəsindən vəsait ayrılır.

Onun sözlərinə görə, hər dəfə Milli Məclisdə mandat sahibi olan Vətəndaş Həmrəyliyi Partiyasına da bu istiqamətdə vəsaitlər ayrılıb: “Ayrılan vəsait mərkəzi aparatda və rayon təşkilatlarında çalışan üzvlərə əməkhaqqı verilməsi, partiyanın texniki işlərinin görülməsi, təşkilati məsələlərlə bağlı ezamiyyətə sərf edilir. Büdcədən partiyalara maddi dəstək olunması müsbət haldır, amma ayrılan vəsait partiyanın bütün ehtiyaclarının ödənilməsinə kifayət etmir. Əlavə olaraq parlamentdə təmsil olunan partiyaların sayının artması ilə əlaqədar ayrılan məbləğ azaldılıb. Bu da müəyyən çətinliklər yaradır”.

Büdcədən vəsait alan Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə də “Şərq”ə bildirib ki, parlamentdə təmsil olunan siyasi partiyalara dövlət büdcəsindən vəsait ayrılması əsasən siyasi partiyaların inkişafına hesablanıb. Partiya funksionerinin sözlərinə görə, qurumlara maliyyə yardımı edilməsi onların səmərəli çalışmasına, təşkilatlanmasına və cəmiyyətdə dinamik şəkildə fəaliyyət göstərməsinə müəyyən mənada təkan verir: 

"Milli Cəbhə Partiyası Milli Məclisdə təmsil olunduğuna görə partiyaların maliyyələşməsi haqqında qanuna uyğun olaraq bizə də vəsait ayrılıb. Ayrılan vəsait partiyanın inkişafına və təşkilatlanmaya sərf olunacaq. Milli Məclisdə təmsil olunan partiyalara ayrılan vəsait deputat sayına görə müəyyənləşir. İllik vəsait 120 min manatdan başlayır”.