Kəskin bahalaşma! - “Bazarda “oyunçu”ların sayı artsın”

«Gərək məmurlar iqtisadiyyatın idarəedilməsindən uzaqlaşdırılsınlar»

“Gömrük məcəlləsinə dəyişiklik olunsun, rəqabətli şəraitin yaradılması üçün “oyunçu”ların sayı artsın”

“Hökumət inzibati metodlarla yox, əlində olan iqtisadi alətlərlə qiyməti tənzimləməyə çalışmalıdır”


Dünən parlamentin növbəti iclası keçirilib. Millət vəkili Vahid Əhmədov çıxışı zamanı ərzaq məhsullarının bahalaşmasından danışıb. Deputat bildirib ki, məhsulların qiyməti dözülməz həddədir. V.Əhmədovun fikrincə, məhsullarının qiyməti əsası olmadan qaldırılır:
 “Bazarda inhisarçılıq, monopoliya var. Bahalaşmaya bu da təsir göstərir. Rəqabət Məcəlləsi qəbul edilməlidir. Bu Məcəllə qəbul edilsə, bazarda rəqabət yaranacaq və qiymətlər normallaşacaq”.  

 Parlamentarinin sözlərinə görə, əsas çıxış yollarından biri də ərzaq məhsullarının istehsalına diqqətin artırılmasıdır.



 İqtisadçı-ekspert Natiq Cəfərli millət vəkilinin qaldırdığı məsələyə dair fikirlərini “Sherg.az”la bölüşüv. O, deyib ki, məsələyə kompleks yanaşmaq lazımdır: 

“Rəqabət Məcəlləsi ilk dəfə 2008-ci ildə  oxunuşa çıxarıldı. Amma indiyədək qəbul olunmayıb. Əslində Rəqabət Məcəlləsi sadəcə vasitələrdən biridir. Lakin bu, o demək deyil ki, problem dərhal, kökündən həllini tapacaq.

Gərək məmurlar iqtisadiyyatın idarəedilməsindən uzaqlaşdırılsınlar, gömrük məcəlləsinə dəyişiklik olunsun, rəqabətli şəraitin yaradılması üçün “oyunçu”ların sayı artsın.

Belə olsa, bazarda qiymətlər də tənzimlənir. Yəni hökumət inzibati metodlarla yox, əlində olan iqtisadi alətlərlə qiyməti tənzimləməyə çalışmalıdır.

Əlbəttə, dizel yanacağının bahalaşması, dünyada ərzaq məhsullarının indeksinin artması kimi obyektiv səbəblər də sözügedən məqama təsir edir”.

N.Cəfərli, həmçinin söylədi ki, iqtisadiyyatımızın inkişafında Qarabağın da mühüm rolu olacaq: 

“Əlbəttə, ərzaq məhsullarının istehsalının artırılmasından ötrü Azərbaycanın kifayət qədər potensialı var. Xüsusilə, torpaqlarımızın işğaldan azad olunması yeni perspektivlər vəd edir.
Bu, kənd təsərrüfatı məhsullarının istehsalına müsbət təsir göstərəcək. Lakin gərək aqrar sahəyə elmi yanaşılsın. Əl əməyi texnoloji yeniliklərlə əvəz edilsin.

Belə olsa, məhsuldarlıq artacaq və qiymətlər tənzimənəcək”.