“Metroda sərnişin sayının azalması xərcləri artırıb” – Bahalaşır?

“Metroda sərnişin daşıması üçün çəkilən xərclər onun real daşınma qiyməti ilə heç vaxt üst-üstə düşməyib”.
Bu fikirləri “Sherg.az”a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.
Qurum sözçüsü qeyd edib ki, hər zaman metropolitenin maliyyə hesabatları şəffaf və açıq şəkildə bütün ictimaiyyətə çatdırılıb:
“Bu il də eyni qaydada olacaq. Yəni keçən ilin hesabatı normalara uyğun olaraq ilin birinci yarısına qədər ictimaiyyətə açıqlanacaq. 
Gediş haqqının artması haqqında məlumat isə jurnalist sorğusu əsasında daxil olmuş müraciətə cavab əsasında verilmişdi.
 Cavabda bir sərnişin daşınması üçün çəkilən real xərclər əyani şəkildə göstərilib. 

Keçən il də belə bir sual verildi? O zaman bildirmişdik ki, təxminən bir sərnişin daşınması 52-54 qəpikdir. Yekun olaraq isə 51 qəpik civarında olduğu söylənildi. Təbii ki, metropoliten keçən il 3 dəfə az sərnişin daşıyıb. 

Metronun gəlirinin böyük hissəsi isə sərnişindir, digər gəlirlər cüzi hissəni təşkil edir. Sərnişin sayının azalması da avtomatik olaraq daşıma xərclərinin artmasına gətirib çıxarır. 

Amma bu, o demək deyil ki, xərclərin artması metroda gediş haqqını müəyyən edir. Qiymətləri Taarif Şurası tənzimləyir. Sərnişin daşıma üçün də qiymət artıq bəllidir və ictimaiyyətə yaxın zamanda açıqlanacaq. Hazırda əsas vəzifəmiz bütün infrastrukturu qoruyub, sərnişindaşımanı hazır vəziyyətdə saxlamaqdır. Bu, elə də asan məsələ deyil”.

“Metro fəaliyyətini bərpa edəndən sonra gediş haqqı arta bilərmi?” sualına gəlincə, qurum rəsmisi vurğulayıb ki, müvafiq hesablamalar, maliyyə durumu və digər məsələlərə baxıldıqdan sonra qərar verilir:

“Ona görə də düşünürüəm ki, bu barədə danışmaq hələ tezdir”.