Prezident: “Azərbaycan qazının Avropaya çatdırılması böyük tarixi hadisə idi”


“Azərbaycan qazının Avropaya çatdırılması böyük tarixi hadisə idi”. 

Bunu Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələrində deyib. 

Dövlət başçısının sözlərinə görə, Cənub Qaz Dəhlizi layihəsi bütün prizmalardan böyük çağırışlar deməkdir – istər siyasi, istər maliyyə, istərsə də texniki cəhətdən.

İlham Əliyev qeyd edib ki, Azərbaycan qazı Avropa üçün yeni enerji mənbəyidir və bu, dünya ölkələri arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın təzahürüdür.

Azərbaycanın regionda bir çox mühüm enerji layihələri həyata keçirdiyini xatırladan dövlət başçısı deyib ki, dünyadakı bütün aparıcı maliyyə qurumları bu enerji layihələrinin icrasında Azərbaycanla yaxından əməkdaşlıq edib. 

İlham Əliyevin sözlərinə görə, Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işləri üçün bu il 1.3 milyard dollar vəsait ayırıb.

Prezident onu da əlavə edib ki, Azərbaycan yeni investisiya imkanlarını qiymətləndirir. 
“Çünki işğaldan azad edilmiş ərazilərdə investisiya üçün çoxlu imkanlar mövcuddur. Biz bankların işğaldan azad edilmiş ərazilərdə xarici və yerli investorlara kredit ayırmasından məmnun olardıq. Azərbaycanın birbaşa maliyyə yardımlarına ehtiyacı yoxdur”, - deyə İlham Əliyev əlavə edib.