"Azərbaycan Çinlə iqtisadi və strateji əməkdaşlıq qurub"

Prezident İlham Əliyev Çin şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa işlərində yaxından iştirak etdiyini deyib. Ölkə başçısı “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə bildirib ki, Çin ilə nəqliyyat sahəsində geniş əməkdaşlıq imkanları var.

“Çin şirkətləri Azərbaycanın enerji sektoruna sərmayələr qoyurlar. Çində Azərbaycanın ticarət nümayəndəliyi də fəaliyyət göstərir”.

O, qeyd edib ki, Azərbaycanla Çin arasında çox gözəl münasibətlər mövcuddur.

Azərbaycan və Çin arasında iqtisadi münasibətlərin genişlənməsinin müşahidə olunduğunu söyləyən millət vəkili, iqtisadçı Vüqar Bayramov “Sherg.az”a bildirib ki, 2019-cu ildə ölkə başçısının Pekinə səfəri zamanı iki ölkə arasında 10 istiqamət üzrə investisiya qoyuluşunun həyata keçirilməsi üçün anlaşma imzalanmışdı:

“Bu investisiya qoyuluşlarının məbləği 1 milyard manata yaxın idi. Çin ümumidaxili məhsulun həcminə görə, dünyada 2-ci ən böyük ölkədir. Bu baxımdan sərmayə və investisiya qoyuluşları imkanları çox genişdir. Çin  son illər xarici ölkələrə ən çox investisiya qoyan ölkələrdən biridir. Texnologiya bazarında, inşaat və yenidənqurma sahəsində də aktivdir”.

Millət vəkili Çinlə strateji müttəfiqliyin Azərbaycan üçün vacib olduğunu qeyd edib:

“Çünki Çin BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvlərindən biridir. Bu baxımdan Azərbaycan Çinlə həm iqtisadi, həm də strateji əməkdaşlıq qurub.  Çin şirkətlərinin işğaldan azad olunmuş ərazilərimizə dəvət olunması və iştirak imkanları yüksək qiymətləndirilir. Güman edilir ki, bərpa və yenidən qurma, həmçinin növbəti dövrdə iqtisadiyyatın formalaşması mərhələsini Çin şirkətlərinin daha fəal şəkildə iştirakı ilə müşahidə edəcəyik”.