Havalar istiləşdi, hamı tikintiyə başladı

Ona görə xaricdən gətirilən tikinti materiallarının qiyməti kəskin artıb

Son günlər Azərbaycanda bəzi tikinti materiallarının qiymətində artım müşahidə edilir. Xüsusilə də taxta və taxta məmulatlarının qiyməti kəskin  artıb. Bahalaşma armatur və eləcə də xaricdən gətirilən bütün növ tikinti materiallarında müşahidə olunur.  Lakin qeyd edək ki, bir müddətdir ki, tikinti materiallarının qiyməti sabit qalmışdı. Bəs hazırda Azərbaycanda tikinti materiallarının bahalaşmasına səbəb nədir?

Sualımızı iqtisadçı-ekspert Natiq Cəfərliyə ünvanladıq. Ekspert "Şərq"ə açıqlamasında tikinti sektorundakı qiymət artımının təbii olduğunu bildirdi:

"Son günlər tikinti məmulatlarında kəskin artım müşahidə edilməkdədir.  Tikinti bazarlarında xüsusən ölkəyə gətirilən taxta, dəmir məmulatlarının, habelə qara dəmirdən hazırlanan məmulatların qiymətində ciddi artım var.

Bu da nəticə etibarı ilə bütün tikinti bazarına təsir göstərir". 

İqtisadçı qeyd edib ki, ölkənin tikinti sektorunun xaricdən gətirilən məhsullarla obyektiv olaraq asılılığı var:

"Yəni orada bahalaşma olarkən, bura da təsir göstərir. İkinci bir ənənəvi səbəb də var.

Bilirik ki, havalar istiləşən kimi tikinti sektorundu da canlanma olur. Məsələn, fərdi evlərin tikintisi, bağ evlərinin təmiri, regionlarda tikintinin sürəti və s. artır. Beləliklə, tikintinin həcminin artması tələbin artmasına səbəb olur ki, təklif də onu qarşılaya bilmir.

Yəni təklifin tələblə uyğunlaşmaması qiymət artımına səbəb olan əsas amillərdən biridir. Bu səbəblə də xaricdən gələn məhsullarının qiymətinin artımı nəticə etibarilə ölkə bazarında da mütləq qiymət artımına səbəb olur. Hesab edirəm ki, bu bazara ciddi bir rəqabət mühiti lazımdır. Bazar oyunçularının sayının ciddi şəkildə artırılması və artmasına dəstək lazımdır ki, bu rəqabət mühitində qiymətlərin müəyyən dərəcədə tənzimlənməsi mümkün olsun".