"1 manatlıq" taksilər ləğv edilir? - "Bu, monopoliyadan xəbər verir”

"Yol polisi təhlükəsizliyin təmin edilməsi istiqamətində funksional vəzifəsini yerinə yetirir. "1 manatlıq" taksilər adlandırılan avtomobillərin qarşısını almaq üçün təbliğat gücləndirilməlidir. Bu, sadəcə DYP-nin üzərinə düşən iş deyil, digər qurumlar da kompleks tədbirləri həyata keçirməlidir. Məsələni kökündən həll etmək üçün həmin istiqamətlərdə hərəkət edən nəqliyyat vasitələrinin hərəkətini normallaşdırmaq lazımdır". Bu sözləri Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov deyib. Qanunsuz olaraq fəaliyyət göstərən taksilər və mikroavtobuslardan danışan polkovnik bildirib ki, problemlərin aradan qaldırılması üçün ilkin olaraq təbliğat aparılır:

"20 yanvar" adlandırılan ərazidə və "Koroğlu" metro stansiyasının yaxınlığında "1 manatlıq" taksi kimi tanınan və ya qeyri-qanuni fəaliyyət göstərən taksi sürücüləri arasında təbliğat apardıq. 

Dəfələrlə onlara müraciət etdik, bildirdik ki, bunların hamısı qanunun pozulmasıdır. Ərazidə polis olanda vətəndaşlar gizlənirlər, polis əməkdaşları uzaqlaşdıqda yenidən üzə çıxırlar”.

Hazırda 1 manatlıq taksi xidmətlərindən kifayət qədər geniş istifadə olunur. Etiraf edək ki, BNA bu sahədə müvafiq tədbirlər görəcəyi halda vətəndaşların böyük əksəriyyətinin narazılığına da toxum səpiləcək. Digər məqam isə həm sürücülərin, həm də sərnişinlərin 1 manatlıq xidmətdən məmnunluğudur.  


İqtisadçı-alim Nazim Bəydəmirli “Sherg.az”a bildirib ki, sərnişindaşımaları ilə bağlı özəl fəaliyyətə icazə varsa, taksiləri çərçivəyə salmaq ancaq monopoliyadan xəbər verir:

“Manatlıq taksi xidmətinə bənzər fəaliyyət əksər ölkədə var. Dövlətin vəzifəsi onların vergi bazasını müəyyən etməkdir. Hazırda sadələşmiş vergi ödəyicisinin patent əsasında fəaliyyət göstərməsi məqbuldur. Ona görə də bu sürücülərin  inzibati yollarla sıxışdırılması yolverilməzdir. Sərnişindaşımaları müxtəlif yollarla ələ keçirildi. Bununla da dövlət resursları hesabına “BakuBus” şirkəti yaradıldı. Bu şirkətin bütün rəqibləri demək olar ki, sıradan çıxarılır. Nəticə etibarı ilə onların dövlət vəsaiti hesabına avtobus parklarını yeniləyirlər. Müxtəlif araşdırmalarda həmin avtobusların qiymətinin şişirdilmiş olduğu məlum olur”.

İqtisadçının fikrincə, manatlıq taksilərin fəaliyyətinə son qoymaq liberal bazar dəyərlərinə uyğun deyil:

“Başqa ölkələrin təcrübələrindən görürük ki, nəqliyyat sektorundan daxil olmalar büdcə gəlirlərinin 10-15 faizini təşkil edir. Təəssüf ki, ölkəmizdə sərnişindaşımalar üzrə vergi sturukturu il ərzində təqribən 6-7 milyon büdcə gəlirlərinin 1 faizini də təşkil etmir”.

“Dövlət belə olan halda nə etməlidir?” sualına gəlincə, N.Bəydəmirli vurğulayıb ki, dövlət hər bir sahəyə uyun siyasətini həyata keçirərək, bütün hüquqi və fiziki şəxslərin bərabərliyini təmin etməli və standarlar müəyyən olunmalıdır:

“Bu standartlar sərnişindaşıma standartları olmalıdır. Manatlıq taksilərin ləğvi sosial narazılıq yaradır, normal şərait və rəqabətli mühit pozulur. Vətəndaşlara seçim imkanı vermək lazımdır.

Bəzən hökumət nümayəndələri ölkəmizi qabaqcıl dövlətlərlə müqayisə edirlər. Amma yaddan çıxarmasınlar ki, heç bir ölkədə dövlət orqanları taksi fəaliyyəti və yaxud avtobus daşımaları ilə məşğul olmur.

Bununla bələdiyyələr maraqlana bilər. Taksi şirkətlərinin hamısı özəl şirkətlərdir. Dövlət hansısa taarif müəyyən edərkən bazardakı qiymətlərə baxıb, analiz etməlidir. Qiymətləri Taarif Şurası müəyyən edirsə, bu, mütləq müvəqqəti olmalıdır.

Hesab edirəm ki, rəqabətili mühit yaratmaq lazımdır. Daşıyıcı şirkətlər daha çox işləməlidirlər ki, insanlar real vəziyyəti dəyərləndirə bilsinlər və optimal qiymət formalaşsın”.