“Azərbaycan və İran arasında sərmayə qoyuluşunun həcmi artacaq”

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İrana səfər edib. O, İranın neft naziri Bijan Namdar Zangane ilə görüşüb. Ş.Mustafayevi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti və işçi heyəti də müşayət edib.

Nazir müavini iki ölkə arasında münasibətlərin konstruktiv görüşlərlə müxtəlif sahələrdə mühüm irəliləyiş əldə etdiyini qeyd edib:

“Bu sahələrdən biri neft və qaz sahəsində bəzi uğurların əldə olunduğu əməkdaşlıqdır. Bundan başqa uzunmüddətli ortaq qaz əməkdaşlığımız var və 2004-cü ildən bəri Naxçıvanın ehtiyac duyduğu qaz İran tərəfindən təmin edilir. Biz bunu qiymətləndiririk”.

İranın regionda Azərbaycanın əsas  ticarət tərəfdaşlarından biri olduğunu söyləyən millət vəkili, iqtisadçı Vüqar Bayramov “Sherg.az”a bildirib ki, pandemiyadan əvvəl iki ölkə arasında ticarət dövriyyəsi 493 milyon dollar olub:

“Son 4 ildə isə Azərbaycan və İranın ticarət dövsiyəsi təxminən 4 dəfə artıb. Bu da ondan səbər verir ki, həm ticarət dövriyyəsində artım dinamikası pozitivdir, həm də ölkələr ticarət dövriyyəsinin həcmi ilə bağlı hədəflərə nail olmağa çalışırlar. Azərbaycan və İran arasında qarşılıqlı olaraq sərmayə qoyuluşlarında əməkdaşlıq güclənir. İranın Azərbaycana, Azərbaycanın da İrandakı infrasturuktur layihələrinə investisiya qoyuluşları qarşılıqlı sərmayələrin genişlənməsi anlamına gəlir. Bu, iki ölkə arasındakı iqtisadi əlaqələrin artmasından xəbər verir. Növbəti dövrlərdə də İranla Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı sərmayə qoyuluşlarının həcminin artacağı gözlənilir. Çünki neft sektorunda, turizmdə və xidmət sektorunda iki ölkənin qarşılıqlı əməkdaşlıq imkanları var. Təbii ki, bu səfər də Azərbaycan-İran ticarət dövriyyəsinin və iqtisadi əlaqələrin dərinləşməsinə xidmət edəcək”.