Lirə yenə ucuzlaşdı, bəs manatın taleyi...? - AKTUAL

“Ölkəmizdə isə manat birjalarda müəyyənləşmir”

“Azərbaycanda məzənnə rejimi inzibati qaydada tənzimləndiyindən oynamalar mümkün deyil”


 Türkiyə lirəsinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 1,3 faiz azalaraq 0,1983 manat təşkil edib. Bu tarixi minimum hesab edilir.
Son bir ay ərzində Türkiyənin milli valyutası dollar qarşısında da mütəmadi olaraq dəyər itirib. Bu gün Türkiyədə 1 dolların alışı 8,5496 lirədən, satışı isə 8,5651 lirədən mübadilə olunur.

Bəs, türk lirəsinin ucuzlaşması Azərbaycan manatına təsir göstərə bilərmi?

Sualımızı cavablandıran iqtisadçı-ekspert Natiq Cəfərli “Sherg.az”a bildirib ki, bu durum Azərbaycan manatına birbaşa təsir etmir:

“Türkiyə lirəsinin ucuzlaşmasının öz səbəbləri var. Türkiyədə lirə bazar dəyərinə malikdir. Yəni birjalarda məzənnəsi müəyyənləşdirilir. Ölkəmizdə isə manat birjalarda müəyyənləşmir. Ona görə də Azərbaycanda məzənnə rejimi inzibati qaydada tənzimləndiyindən oynamalar mümkün deyil. Məsələn, artıq 4-cü ildir ki, manat-dollar məzənnəsi sabitdir, heç bir dəyişikliyə uğramır. Lakin Türkiyədə belə deyil, orada gündəlik iqtisadi və siyasi proseslər lirənin məzənnəsinə təsir göstərir”.

N.Cəfərli vurğulayıb ki, lirənin dəyərdən düşməsinin səbəblərindən biri də siyasi amillərdir:

“Yəni Türkiyə Mərkəzi Bankının rəhbərliyi dəyişdirildi və bu durum bazarlarda kəskin reaksiya doğurub. Amma lirənin ucuzlaşmasında iqtisadi amillər daha çox rol oynayır. Çünki qardaş ölkə turizmdən asılıdır və iqtisadiyyatının böyük hissəsini bu sektor təşkil edir. Türkiyədə turizm digər sahələri də öz arxası ilə apara bilir. Pandemiya dövrü turizm sektoruna tamamilə mənfi təsir göstərdi və ölkəyə dollar axınının azalmasına səbəb oldu.

Pandemiyadan öncəki dövrdə turistlərin Türkiyədə 2019-cu ildə 40 milyard dollardan çox vəsait xərclədiyi elan edilmişdi.

2020-ci ildə isə bu vəsaitin heç 10 faizi olmadı. İndi isə 2021-ci ildir və pandemiya ilə əlaqədar məhdudiyyətlər yavaş-yavaş aradan götürülür, sərhədlər açılır, amma Türkiyənin əsas bazarı olan Rusiya ilə turizm sahəsində anlaşma bağlanmayıb. Bu durum da türk lirəsinə mənfi təsir göstərdi. Türkiyə bazarının Rusiya üçün açılması milyonlarla turistin gələcəyi haqqında gözlənti formalaşdırmışdı.

İqtisadçının fikrincə, türk lirəsinin ucuzlaşması Azərbaycan manatına birbaşa təsir göstərməsə də, ikitərəfli ticarət münasibətlərinə təsiri olacaq:

“Məntiqlə indi türk məhsullarının ölkəmizdə ucuzlaşması müşahidə olunmalıdır.  Ancaq hələ ki, Azərbaycan bazarında bunu görmürük”.