Vəziyyət xoşagələn deyil:”Nə sosial mənzil layihəsi, nə də ipoteka krediti...”

“...Vətəndaşların istəyini qarşıladı”


“Çıxış yolu isə böyük xarici bankların Azərbaycanda işləməsinə şərait yaratmaq, iqtisadiyyatda inhisarçılığın ləğvi və ipotek instutunun inkişaf etdirilməsidir”  


İpoteka və Kredit Zəmanət Fondu tərəfindən verilmiş ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb. Məlumata görə, 2021-ci ilin əvvəlindən iyun ayının 1-nə fond 2 541 borcalana 170,1 milyon manata qədər ipoteka krediti verib.
Ümumilikdə isə bu günə qədər fond 34 min borcalana 1 milyard 810,2 milyon manat məbləğində ipoteka krediti verib. Təkcə may ayında isə 648 borcalan 37,6 milyon manat məbləğində kredit əldə edib.

Fondun məlumatına görə, zəmanət və subsidiya mexanizmi ilə 231 milyon 270 min manat məbləğində kredit maliyyələşdirilib.
Vətəndaşlar 2020-ci ilin mart ayından etibarən yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi mexanizmi üzrə müraciət etməyə başlayıb və ümumi 822 mənzil satmaq öhdəliyi kirayəçilərin istifadəsinə verilib.

Mövzu barədə “Sherg.az”a danışan iqtisadçı-alim Nazim Bəydəmirli bildirib ki, ipoteka kreditləri az faizli olduğu üçün ona tələbat çoxdur:

“Sadəcə Bakı şəhərində 300 mindən çox ailə kirayədə yaşayır. Bu baxımdan kreditlər üçün təkcə gənclər müraciət etmir. Lakin ölkəmizdə faizlər yüksək olduğundan hər kəs çalışır ki, ipoteka kreditindən yararlansın. Bu kredit dövlət büdcəsi tərəfindən dəstəklənir”.

İqtisadçının sözlərinə görə, ölkəmizdə kredit faizləri baha olduğuna görə, tələb-təklif qarşılanmadığı üçün xoşagəlməz hallar baş verir:

“Adətən bank işçiləri özlərinə yaxın olan adamlara ipoteka kreditləri üçün şərait yaradırlar. Məsələn, sonradan bəlli oldu ki, sosial mənzillər bahadır. Ona görə də artıq kommersiya mənzilləri qiymətinə satılır. Sosial mənzil layihəsi də ipoteka krediti kimi vətəndaşların istəyini qarşılamadı. Həmçinin son bir neçə il ərzində neftin qiyməti ilə bağlı dövlət büdcəsinin gəlirləri azaldığı dövrdə ölkəmiz dəstək proqramlarını azaldır. Ona görə vəziyyət xoşagələn deyil. Çıxış yolu isə böyük xarici bankların Azərbaycanda işləməsinə şərait yaratmaq, iqtisadiyyatda inhisarçılığın ləğvi və ipotek instutunun inkişaf etdirilməsidir.  Təəssüf ki, Azərbaycan hökumətinin investiyalarla bağlı siyasəti məmur sahibkarlığına xidmət edir. İqtisadi sahələrdə olan bütün problemlərimiz məmur sahibkarlığından qaynaqlanır. Təbii ki, bunun aradan qaldırılması siyasi iradədən asılıdır. Ümid edək ki, bu baş verəcək”.