“Aİ-95” bahalaşdı! – “Səbəb inhisarçılıqdır” 

SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov benzinin qiymətinin bahalaşması ilə əlaqələr açıqlama verib. O, bildirib ki, “Aİ-95” premium markalı benzinlə “Aİ-98” super markalı benzinin qiyməti eyni nisbətdə 15 qəpik artırılıb. Hazırda “Aİ-95” premium markalı benzin 1 manat 40 qəpiyə, “Aİ-98” super markalı benzin 1 manat 55 qəpiyə satılır.

 İ. Əhmədov premium və super markalı benzin növlərinin Azərbaycana idxal olunduğunu və buna görə də onların qiymətinin dünya bazarlarındakı qiymətlərdən asılı olduğunu deyib: “Dünyada neftin və neft məhsullarının qiyməti artdıqca Azərbaycanda da məhz bu benzin növlərinin qiyməti artır, müvafiq olaraq azaldıqca isə azalır. Pandemiyadan əvvəl premium markalı  benzinin qiyməti 1 manat 50 qəpik idi, pandemiya dövründə isə 1 manat 10 qəpiyə düşdü. Bir müddət sonra 1 manat 25 qəpiyə qalxdı. İndi onun qiyməti 1 manat 40 qəpikdir. Qiymətin qalxması dünyada neftin və neft qiymətlərinin artması ilə əlaqədardır”.

 ReAL partiyasının icraçı katibi, iqtisadçı-ekspert Natiq Cəfərli isə “Sherg.az”a açıqlamasında məsələyə belə münasibət bildirdi:

“Bir neçə il əvvəlki açıqlamada benzinin qiymətinin bazar iqtisadiyyatının qaydalarına uyğun tənzimlənəcəyi söylənilmişdi. Amma “bazar”da başqa “oyunçu”lar olmadı. Beləliklə, SOCAR və onun törəmələri diktə etməyə, qiyməti istədikləri kimi müəyyənləşdirməyə başladılar. Halbuki rəqabətli mühit yaransa, belə olmayacaqdı. Eyni zamanda  SOCAR-ın əsaslandırması da qeyri-dəqiqdir. Belə ki, satışa çıxarılan benzinin qiyməti dünya bazarındakı neftin qiymətinə uyğun deyil. Yəni əslində səbəb neftin bahalaşması yox, SOCAR-ın inhisarçılığıdır”