Fermerlər əkdiklərini sata bilmirlər

Çünki hələ də xaricdən gətirilən kartoflar bazarda üstünlük təşkil edir

"Fermerlərin birbaşa tarladan süfrəyə modelinə keçid üçün yeni mexanizmlərinin yaradılmasına ehtiyac var"

Bu gün kənd təsərrüfatı sahəsində pərakəndəlik hökm sürür. Dedi-qodu üzərinə qurulan, planlaşdırılmadan əkilən məhsul növləri sonda fermerlərin ziyana düşməsinə səbəb olur. Bu baxımdan düzgün yanaşmadır, yalnız bir səhv var - fermer ölkədə özü kimi düşünən fermerlərin sayının çox olduğunu unudur. Nəticədə ötən il sarımsaq baha olubsa, bu il hamı ucdantutma sarımsaq əkir, bazarda məhsul bollaşır, təklif tələbi üstələyir və qiymətlər ötənilki qiymətlərdən dəfələrlə ucuz olur. Və fermer zərərə uğrayır. Digər amil isə quraqlığın olmasıdır ki, bu da fermerlərə ciddi ziyan vurur. Tovuz rayonunun aran hissəsində kartofçuluqla məşğul olan fermerlər bu il bol məhsul götürməyi planlayırlar. Düzdür, onlar bir neçə ildir suvarmada çətinliklərlə qarşılaşdıqlarından, bunun məhsuldarlığa mənfi təsiri ilə üzləşiblər.

Bu il isə hava yağmurlu keçdiyindən suyun bol olduğunu deyirlər. Hazırda son suvarmaları həyata keçirilən bu bitkinin bir neçə gündən sonra yığımına kütləvi şəkildə start veriləcək. Lakin son suvarma bitməmiş fermerlərin məhsulu sata bilməmək narahatlığı artıb. Bəs bunun səbəbləri nə ilə əlaqəlidir?

Sualımızı cavablandıran iqtisadçı-ekspert Natiq Cəfərli "Şərq"ə açıqlamasında bildirib ki, fermerlərimizin ən böyük problemi tarladan süfrəyə modelinin Azərbaycanda hələ də həyata keçirilməməsidir. Yəni Azərbaycanda fermerlərlə alıcı arasında bir neçə qurumların, bir neçə ara şirkətlərin və şəxslərin olduğu bildirilir:

"Bu da qiymətlərin yüksəlməsinə, nəticə etibarı ilə də fermerlərə sərf eləməyən topdansatış qiymətlərinin yaranmasına səbəb olur. Azərbaycan hökuməti və Kənd Təsərrüfatı Nazirliyi uzun illərdir ki, bununla bağlı danışıqlar aparsa da, hələ də tarladan süfrəyə modelini tətbiq edə bilmir. Bunun nəticəsində də fermerlər əziyyət çəkirlər".

İqtisadçı qeyd edib ki, pandemiya ilə əlaqədar olaraq xarici bazarlara kartofun çıxarılması kifayət qədər çətinləşib:

"Bizim əsas bazarlarımızdan biri Rusiya bazarı idi. Rusiya isə artıq 5 ilə yaxındır ki, Azərbaycanın sərhədlərinə yaxın bölgələrdə Krasnodar vilayətində çox böyük kartof sahələri əkməyə başlayıblar. Təbii ki, bu da Rusiyanın daxili bazarında kartof qiymətlərini ucuzlaşdırıb və ixracatı sərf eləməyən bir hala gətirib çıxarıb. Ona görə də bizdə daxili bazara üstünlük verilməlidir. Xaricdən gətirilən kartoflar hələ də bazarda üstünlük təşkil edir. Ona görə də bizdə fermerlərin birbaşa tarladan süfrəyə modelinə keçid üçün yeni mexanizmlərinin yaradılmasına ehtiyac var. Bu baş verərsə, nəticə etibarilə Azərbaycanda həm qiymətlərin sabitləşməsinə, həm də fermerlərin öz məhsullarını daha uyğun qiymətlərə sataraq qazanc əldə etməsinə imkan yara bilər".