“Neft bahalaşmayıb, sadəcə...” - İZAH

Azərbaycan neftinin qiyməti 77 dollara yaxınlaşır. “Azeri Light” markalı neftin bir bareli 0,87 ABŞ dolları və ya 1,15 faiz bahalaşıb. Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 76,59 ABŞ dollarını təşkil edib. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə - 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.

 Neft Araşdırmalar Mərkəzinin rəhbəri qiymətlər barədə fikirlərini “Sherg.az”la bölüşdü: 

“Əslində dünya bazarında neftin qiymətində ucuzlaşma var. Açıqlanan rəqəmlər adətən bir gün əvvələ aid olur və ya alıcı ilə satıcı arasındakı sövdələşməyə uyğun müəyyənləşir. Odur ki, dünyadakı qiymətlərlə ölkəmizdəki qiymətlər fərqli ola bilər.

Hazırda Azərbaycan neftinin qiyməti 76 dollardır. Brend markalı neftin qiyməti isə heç 75 dollara çatmır.

Bu, ilk baxışdan təəccüblü görünə bilər. Amma nəzərə almaq lazımdır ki, satış müqavilələri arasında ciddi fərqlər var. Yəni Azərbaycan nefti baha deyil”.