“Yeni qaz tarifləri uğurlu sosial siyasətə uyğunlaşdırılmış modeldir”

“Çünki qiymətlərə nəzər saldıqda görürük ki, aztəminatlı ailələrin istehlak etdiyi təbii qaz həcmi üçün qiymətlər dəyişməyib”

“Hesablamalara görə, 51 fazi abonentlər 1200 kub metrdən aşağı təbii qaz istifadə edir”

“Bu, ilk növbədə aztəminatlı ailələrin gələcəkdə istehlak edəcəyi təbii qazın qiymətinin artıq ödənilməsinə hansısa təsir etməyəcək”


Dünən Tarif (Qiymət) Şurasının növbəti iclasında Dövlət Neft Şirkətinin (SOCAR) müraciətinə baxılaraq müvafiq qərar qəbul edilib. SOCAR Şuraya müraciət edərək ölkədə təbii qazın topdansatış və pərakəndə satış qiymətlərinin artırılmasını təklif edib. Müraciətdə təbii qazın tarifinə yenidən baxılmasına səbəb kimi istehlakın artması, qaz təchizatının əhatə dairəsinin genişləndirilməsi və abonentlərinin sayının 18 faizə yaxın artması nəticəsində xərclərin yüksəlməsi göstərilir.

Şura üzvlərinin yekdil qərarı ilə dövlətin həyata keçirdiyi sosial yönümlü siyasət əsas götürülərək əhalinin aztəminatlı hissəsinin mənafelərinə uyğun olan modelə üstünlük verilib. Belə ki, tarif tənzimləməsində optimal yanaşma tətbiq olunmaqla əhali abonentlərinin təxminən 51%-ni (5 milyon nəfər) əhatə edən istehlakçılar üzrə təbii qazın illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün tarif dəyişdirilməmiş və hazırkı (1 kub metr üçün 10 qəpik) səviyyədə saxlanılıb. İstehlak edilən qazın 1200 - 2500 m3 (2500 m3 daxil) olan hissəsi üçün 1 kub metr üçün 20 qəpik, 2500 m3-dən çox olan hissəsi üçün isə 25 qəpik müəyyənləşdirilib. Qeyd edilməlidir ki, əhali abonentləri üçün müəyyən edilən tarif sistemi böyük sahəyə malik yaşayış evlərini daha qənaətcil istilik sistemlərindən istifadəyə sövq edəcək.

Bildirilib ki, təbii qaz üzrə tarif tənzimlənməsi əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir göstərməyəcək. Kənd təsərrüfatı və sənaye məhsullarının qiymətləri sabit qalacaq.

Sənaye və kənd təsərrüfatı sahələrinə verilən təbii qazın tarifi dəyişdirilməyib. Həmçinin qeyd olunub ki, təbii qaz üzrə tarif tənzimlənməsi elektrik enerjisinin qiymətinə təsir göstərməyəcək. Tarif dəyişikliyi əhalinin 51 faizinin orta aylıq xərcinə təsir etməyəcək və qazdoldurma məntəqələrinə verilən təbii qazın tarifi 20 qəpikdən 13 qəpiyə endirilib.

Qərarla bağlı “Sherg.az”a açıqlama verən millət vəkili Cavid Osmanov bildirib ki, Tarif Şurasının qəbul etdiyi yeni qiymətlər ölkəmizdə aparılan uğurlu sosial siyasətə uyğunlaşdırılmış modeldir:

“Çünki qiymətlərə nəzər saldıqda görürük ki, aztəminatlı ailələrin istehlak etdiyi təbii qaz həcmi üçün qiymətlər dəyişməyib. Hesablamalara görə, 51 fazi abonentlər 1200 kub metrdən aşağı təbii qaz istifadə edir. Bu, ilk növbədə aztəminatlı ailələrin gələcəkdə istehlak edəcəyi təbii qazın qiymətinin artıq ödənilməsinə hansısa təsir etməyəcək. Beynəlxalq təşkilatların hesablamalarına görə, artıq 40-50 ildən sonra qaz ehtiyatları tükənmək üzrə olacaq. Bu baxımdan qənaət etmək vacibdir. Nəzərlə alsaq ki, 1200 kub metrdən sonrakı qiymətlər artır, bu, qazı daha böyük həcmli və çox istifadə edən insanlara aiddir”.

Millət vəkili qeyd edib ki, belə qiymətlər büdcə vəsaitlərinə də qənaəti həyata keçirəcək:

“Çünki daha çox təbii qazın satışında gəlir əldə etdikdən sonra bu sahə ilə məşğul olan dövlət qurumları büdcə vəsaitləri ilə digər xərcləri qarşılaya biləcək. Beləliklə, ölkədə olan qənaət hesabına əslində daha çox sosialyönümlü tədbirlərin həyata keçirilməsinə şərait yaranacaq. Təbii ki, belə tədbirlər də aztəminatlı ailələrə ünvanlanacaq. Nəzərə alsaq ki, yeni qaz tarifləri ilə sənayə və kənd təsərrüfatı məhsullarının qiymətində artım olmayacaq. Deməli, Tarif Şurasının bu qərarını qənaətbəxş hesab edə bilərik. Verilən qərarlar ölkəmizdə aparılan uğurlu sosial siyasətin göstəricisidir”