«Ələt İqtisadi Zonası xarici investisiya cəlb edəcək”

Xəbər verdiyimiz kimi, dünən Prezident İlham Əliyev Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimində iştirak edib.  Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov görülən işlər barədə dövlətimizin başçısına məlumat verib.
Bildirilib ki, Ələt Azad İqtisadi Zonasının ümumi sahəsi 850 hektar olacaq. İqtisadi zonanın ümumi sahəsinin 60 hektarında layihələndirilmə artıq başa çatıb və inşaat işləri başlayıb, bütün infrastrukturun yaradılması üçün zəruri addımlar atılıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda qeyri-neft sektorunun inkişafının təmin olunması, iqtisadiyyatın müxtəlif sahələrinin şaxələndirilməsi, ölkəmizin ixrac potensialının artırılması, xarici investisiyanın cəlb edilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində çox vacib layihələr icra olunub. Pandemiyanın dünyada yaratdığı böyük iqtisadi və maliyyə çətinliklərinə baxmayaraq, Azərbaycanda bu proseslər uğurla davam edir. Ələt Azad İqtisadi Zonasının yaradılması bunun bariz nümunəsidir.



Millət vəkili, iqtisadçı Vüqar Bayramov “Sherg.az”a açıqlamasında söyləyib ki, Ələt İqtisadi Zonası Azərbaycanda qeyri-neft sektorunun inkişafı və iqtisadiyyata investisiyanın cəlb edilməsi baxımından vacib layihədir:

“Ələt İqtisadi Zonasının əsas üstünlüyü ondan ibarətdir ki, burada iqtisadi zona ilə bağlı xüsusi qanun qəbul edilib. Yəni Ələt İqtisadi Zonası praktiki olaraq beynəlxalq hüquqla tənzimlənir və hətta bu, hasilatdan pay bölgüsünə uyğun statusun verilməsi deməkdir. Bu da sərmayənin cəlb edilməsi, xüsusən də aparıcı xarici şirkətlərin Ələt İqtisadi Zonasına investisiya qoyuluşunun təşviqi baxımından vacibdir”.

Deputat vurulayb ki, Azərbaycan hökuməti tərəfindən Ələt İqtisadi Zonasında ilkin infrastruktur formalaşdırılacaq:

“Bu, xarici investisiyanın cəlb edilməsi baxımından vacibdir. Gözlənilir ki, Ələt İqtisadi Zonası xüsusən də qeyri-neft məhsullarının istehsalı baxımından yeni sərmayənin cəlb edilməsinə imkan verəcək. Bu, istehsal edilən məhsulların bir qisminin daxili, bir qisminin xarici bazara çıxarılmasını təmin edəcək. Ələt İqtisadi Zonası həm də Azərbaycan üçün texnologiya və innovasiyanın cəlb edilməsi baxımından da vacib hesab olunur. Güman edilir ki, bu, yeni iş yerlərinin, xüsusən ixtisaslı kadrların işlə təminatına müsbət təsir edəcək. İqtisadi Zonanın yerləşmə coğrafiyası elədir ki, həmin zonada istehsal olunan məhsulların ixrac baxımından kifayət qədər böyük üstünlükləri var. Ona görə də zonada istehsal edilən məhsulların ixrac olunacağı və bununla da Azərbaycanın qeyri-neft ixracının artacağı gözlənilir. Bu baxımdan Ələt İqtisadi Zonası qeyri-neft sektorunda istehsal edilən məhsulların artmasına və bu sektorun inkişafına zəmin yaradacaq. Beləliklə, daxili bazara daha çox yerli istehsal edilən məhsulların çıxarılması, Azərbaycanın qeyri-neft ixracının artmasına imkan olacaq. Nəzərə alsaq ki, Ələt paytaxta yaxın ərazidir. Təbii ki, bu da ixtisaslı kadrların daha yüksək əmək haqqı olan işlə təminatına imkan verəcək”.