"Pakistanla Azərbaycan arasında ticari və iqtisadi əlaqələr genişlənir”

Bu gün Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının (PAKAZCHAM) təqdimat mərasimi keçirilib. Palata iki ölkə arasında iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün yaradılıb. Təqdimat mərasimində iqtisadiyyat nazirinin müavini Elnur Əliyev, xarici işlər nazirinin müavini Elnur Məmmədov, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev, eləcə də Xarici İşlər Nazirliyinin və Ədliyyə Nazirliyinin yüksək vəzifəli şəxsləri ilə iştirak ediblər.
Tədbirdə palatanın məqsədləri ilə bağlı məlumat verilib. Bildirilib ki, Pakistan və Azərbaycanın investisiya üçün yaxşı və təhlükəsiz ölkələr kimi tanınması səviyyəsini artırmaq, iki ölkə arasında ticarəti və investisiya qoyuluşunu asanlaşdırmaq və genişləndirmək, mövcud iş mühitinin təhlil edilməsi və hər iki ölkədəki tənzimləmə bazası barədə müəssisələrin məlumatlandırılması PAKAZCHAM-ın əsas məqsədlərdəndir.

Millət vəkili, iqtisadçı Vüqar Bayramov İqtisadi Əməkdaşlıq Palatasının hər iki ölkə üçün əhəmiyyətini “Sherg.az”a dəyərləndirib.
Parlament üzvünün sözlərinə görə, Pakistan Azərbaycanın strateji müttəfiqlərindən biridir:

“Hər iki ölkə regional strateji məsələlərdə eyni mövqeni nümayiş etdirir və bir-birilərinin haqq işinə dəstək olurlar. Pakistanla Azərbaycan arasında sərhəd dövriyyəsinin artırılması prioritet məsələlərdən biridir. İqtisadi Əməkdaşlıq Palatasının yaradılması iki ölkə arasında həm ticarət dövriyyəsinin, həm qarşılıqlı sərmayə qoyuluşlarının artması baxımından vacib hesab olunur. Pandemiyadan əvvəlki ildə iki ölkə arasında ticarət dövriyyəsi 14.792 min dollara yaxın idi.

Baxmayaraq ki, ticarət dövriyyəsinin həcmi böyük deyil, lakin son illər Pakistan-Azərbaycan arasında ticarət dövriyyəsinin dəyişməsinə diqqət yetirsək, kəskin artımlar var. 2015-ci illə müqayisədə ölkələr arasındakı ticarət dövriyyəsi 7.5 dəfə çox olub. Son 5 ilə diqqət yetirsək, ticarət dövriyyəsi hər il əvvəlki illərə nisbətən artıb. 2015-ci ildə dövriyyə 2 milyon dollara yaxın idisə, 2016-cı ildə 7.3 milyon, 2017-ci ildə 8.3 milyon, 2018-ci ildə isə 11 .2 milyon, pandemiyadan qabakı 2019-cu ildə isə 15 milyon dollara yaxın olub. Bu isə ondan xəbər verir ki, strateji əməkdaşlıqda olduğu kimi iqtisadi əlaqələrdə də kəskin artım müşahidə olunub”.

V.Bayramov vurğulayıb ki, Pakistan Azərbaycanın işğaldan azad edilmiş ərazilərində potensial investor ölkələrdən biridir:

“Pakistan şirkətləri azad olunan torpaqlarımızda investisiya qoyuluşuna dəvət olunublar. Təbii ki, Azərbaycan da Pakistanda bir sıra, xüsusilə humanitar səramayə qoyuluşlarını həyata keçirir. Bu da ondan xəbər verir ki, ölkələr arasındakı sərmayə qoyuluşlarında yeni imkanlar var. İqtisadi Əməkdaşlıq Palatasının yaradılması iki ölkə arasında həm ticari, həm də iqtisadi əlaqələrin genişlənməsinə xidmət edəcək”.