Narazılıq!“Kommunal xidmət və enerji təchizatı analiz edilsin”

Sosial Tədqiqatlar Mərkəzinin (STM) vətəndaşlar arasında keçirdiyi sorğunun maraqlı nəticələri üzə çıxıb. Sorğuda üç istiqamət üzrə suallar soruşulub:
- Mövcud sosial-iqtisadi vəziyyət və gözləntilər
- Manatın məzənnəsindən gözləntilər və Mərkəzi Bankın hazırki valyuta (kurs) siyasətinin dəyərləndirilməsi
- Ermənistanda keçirilən növbədənkənar seçkilərin nəticələrinə münasibət
Sorğu nəticələrinə əsasən, son aylar ərzində əhalinin maddi vəziyyətində bir sıra istiqamətlərdə mənfi tendensiyalar müşahidə edilib. Əhali kommunal xidmətlər və ərzaqın bahalaşmasından narazıdır.
Respondentlərin 36.1 faizi elektrik (işıq), 28.7 faiz qaz və 25.6 faizi isə yanacaq tariflərinin 2021-ci ildə artacağını gözləyir. 

Son günlər qazın qiymətindəki dəyişikliklər, ilin əvvəlində isə yanacaq tariflərinin çoxalması əhali arasında narazılıq yaradıb. Maraqlıdır, hökumət mövcud narazılıqları qismən də olsa aradan qaldırmaq üçün alternativ olaraq hansı tədbirlər görə bilər?

İqtisadçı-ekspert Rəşad Həsənov “Sherg.az”a bildirib ki, dövlətin təbii inhisarçı olduğu, o cümlədən kommunal xidmətlər, enerji təchizatı və.s sahələrdə vəziyyəti diqqətlə analiz etməsi lazımdır:

“Məsələn, Azərbaycan İnvestisiya Holdinqi yaradılanda əhalidə gözləntilər böyük idi. Lakin əksi baş verdi. İnvestisiya Holdinqi fəaliyyətini müəssisələrin büdcələrdən asılılığını azaltmaq və büdcədən subsidiyaların və dotasiyaların ayrılmasının qarşısını almaq məqsədilə daha çox gəlirlərin artması istiqamətində qurdu. 

Bu da fəaliyyətin təkmilləşdirilməsi yönündə deyil, daha çox qiymətin artırılması yolu ilə gəlirlərin çoxalmasına nail olmaq cəhdi kimi qiymətləndirilə bilər.  Hansı ki, əslində bu müəssisələrin xərclərinin əhəmiyyətli dərəcədə şişirdilməsi, onların fəaliyyətində böyük korrupsiya problemlərinin olması faktları çox inandırıcıdır. Hər bir vətəndaş bunu görür. Hətta ölkə başçısı səviyyəsində də zaman-zaman bu istiqmaətdə müəyyən irad səsləndirilir. 
Təəssüf ki, yeni idarəetmə modelində məhz xərclərin optimallaşdırılması deyil, gəlirlərin artırılması yolu ilə problemi həll etməyə çalışırlar. 
Fikrimcə, bu siyasətə yenidən baxılmalı və kommunal xidmətlərin əlçatanlıq prinsipi və sosial duruma təsiri nəzərə alınmaqla qərarlar qəbul edilməlidir”.

İqtisadçının qənaətincə, qəbul edilən qərarların müxtəlif sosial qrupa təsirini təhlil etməklə onlara bəzi subsidiyalar, gəlirlərin artırılması və dəstəyin verilməsi istiqamətinə mexanizmlər işlənib hazırlanmalıdır: 

“Məlumdur ki, dizel yanacağının qiyməti qalxarkən hökumət əslində nəqliyyat sektoruna subsidiyanın veriləcəyinə dair işlərin aparılacağı vədini vermişdi. Lakin prosesdən artıq 6 ay keçib və heç bir dəstək, subsidiya yoxdur.  Haqlı olaraq nəqliyyat sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektləri mövcud durumdan narazıdırlar. Ona görə əhalidə müvafiq kütləvi sərnişindaşıma sahələrində qiymətlərin artmasına dair gözləntilər yaranır. 
Hökumət bu istiqamətdə daha konkret və hədəfli siyasət aparmalıdır ki, qəbul edilən qərarlar əhalinin rifahına təsirini müəyyən qədər neytrallaşdıra bilsin.  Əhalinin narazılığı təbiidir, bu, dünən də belə idi, indi də belədir. Sevindirici haldır ki, nəhayət keçirilən sorğularda inandırıcı nəticələr gündəmə gətirilib. Çünki əksər hallarda sorğu nəticələri reallığı əks etdirmir”.