Balakənin, Qaxın bəxtində pul var

"Filizçay"da 10 milyardlıq gəlir "yatır"

Eldəniz Əmirov: "Bu, o torpaqlardan çıxan təbii sərvətin o torpaqların insanları üçün ömürlük iş yerini təmin edə bilər"


"Real potensialından ən az istifadə edilən iqtisadi rayonlardan biri, bəlkə də birincisi Şəki-Zaqatala iqtisadi rayonudur. Bu reallığı bu iqtisadi rayon daxilində olan inzibati rayonların (Qəbələ istisna olmaqla) vəziyyətinə baxanda görmək olur". 

Bu sözləri "Şərq"ə açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov deyib. Onun sözlərinə görə, hazırda bu iqtisadi rayonun inkişaf etdirilməsi üçün əla zəmin yaranıb: "Dünən rəsmi məlumatda bildirilir ki, Balakəndə Avropanın ən böyük 2 polimetal yatağından biri olan "Filizçay"da həyata keçirilən işlərdən təxminən 10 milyard manat gəlir əldə ediləcək. Yatağın mis, qurğuşun, sink və gümüş kimi ehtiyatları var. Düzdür, burda minlərlə insan işlə təmin ediləcək. Və bu iş yerləri bəzi mövsümi və rentabelsiz fəaliyyət göstərib sonradan bağlanan müəssisələrdə açılan iş yerləri kimi olmayacaq. Bu, ən azı 30 ilə yaxın davamlı fəaliyyət göstərəcək bir sahə olacaq.

Bu, region üçün çox ciddi dividend deməkdir. Amma məsələ bununla bitməməlidir. “Balakənli, qaxlı və digər region sakinləri işlədi, maaş aldı və bu yatağın faydası bununla bitdi” olmamalıdır. Yuxarıda qeyd etdiyim kimi, bu yatağın ehtiyatları çox böyükdür. Filiz ehtiyatları 120 milyon ton həcmində qiymətləndirilir. Yatağın istismarına təxminən 4-5 il sonra başlanılacağı gözlənilir. İstismar müddətinin isə 25-ildən artıq, hardasa 27-28 ilə yaxın davam edəcəyi ehtimal edilir. Bu 30 ilə yaxın bir müddət ərzində buradan 10 milyard manat gəlir götürülməsi planlaşdırılır. Bu kiçik məbləğ deyil".

Ekspert əlavə edib ki, bu vəsaitlə bu regionda kiçik və orta sahibkarlığın inkişafına çox ciddi dəstək olmaq mümkündür:

"Bu pulun hamısının yönəldilməsinə də ehtiyac yoxdur. Bunun 30-35 faizi həcmində vəsait hesabına spesifik dəstək proqramı hazırlana bilər. Proqram çərçivəsində kiçik və orta biznes təsərrüfat subyektlərinə sistemli şəkildə müxtəlif mexanizmlər qurularaq dəstək həyata keçirilə bilər. Bu, ucuz maliyyə vəsaitlərinə əlçatanlığın ciddi şəkildə təmin edilməsi deməkdir. Bu dəstəyin də üzərinə müəyyən güzəştləri gəlsək, bir müddət sonra geniş potensialı olan həmin regionda böyük nəticələr əldə etmiş olarıq, həm də çox böyük. Bu, o torpaqlardan çıxan təbii sərvətin o torpaqların insanları üçün ömürlük iş yerini, davamlı gəlirini və əbədi iqtisadi aktivliyini təmin edə bilər. Amma bir şərtlə ki, yerli icra hakimiyyətlərinin bu prosesə birbaşa və ya dolayı müdaxilə imkanları tam məhdudlaşdırılsın. Çünki əks halda bu, 3-4 milyard manat pulu köhnə qayığa qoyub, Somali sularına buraxmaq qədər riskli addımdır. Bunu mən demirəm, bunu zamanın təcrübəsi deyir".