“Bir şagirdin təhsili üçün ayda 500 manat lazımdır” 

Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Araşdırmalar göstərir ki, valideynlər övladlarını  tam hazır şəkildə məktəbə göndərmək üçün orta hesabla 220-350 manat arasında xərc çəkməlidir. Ailədə iki və ya daha artıq uşaq varsa, bu zaman çəkilən xərc də dəfələrlə artır. Mövcud qiymətlər valideynləri qane etmir. Onlar məktəb ləvazimatlarının baha olduğunu, qiymətlərin 20-25 faiz artdığını bildirirlər.

Məktəb ləvazimatlarının builki qiyməti aşağıdakı kimidir:
100 vərəqli dəftər- 90 qəpik- 1.10 manat
60 vərəqli dəftər - 70 - 80 qəpik
12 vərəqli dəftər – 0.15 - 0.30 qəpik
Dəftər, kitab üzü – 0.15 - 1.20 manat
Qələm – 0.20 – 1.10 manat
Sadə karandaş – 0.10 – 1 manat
Rəngli karandaş - 1.50 -8 manat
Pozan – 0.10 -2.50 manat
Karandaşyonan – 10 qəpik-1.50 manat
Xətkeş – 0.15 – 1.20 manat
Pərgar dəsti - 2.50 – 6 manat
Marker – 0.30 -1.50 manat
Plastilin – 2 - 7 manat
Sulu boya – 1.20 - 12 manat
Su termosu – 6 - 20 manat
Məktəbli çantaları 10 - 140 manat
Şagirdlərin tədris ilinə başlaması üçün məktəbli formalarının da qiyməti diqqət cəlb edir. Bakı Tikiş Evinin (BTE) satış müdiri Etibar Əzimov məktəbli formalarının 2017-ci ildəki qiymətlərlə eyni olduğunu deyib:

“Şalvarlar 15-18 manat, köynəklər və jiletlər 8 manat, məktəbli kostyumları isə yuxarı siniflər üçün 34 ölçüdən 54 ölçüyə kimi 46 manatdır”.

Məlumdur ki, ötən il pandemiya ilə əlaqədar olaraq məktəblərə gül buketlərinin gətirilməməsi tövsiyə edilirdi. Təhsil Nazirliyi verdiyi açıqlamada bu il belə məhdudiyyətlərin olmadığı bildirilib. Gül buketi valideynlərə ən ucuz 20-30 manata başa gəlir. İmkanı yaxşı olanlar isə 50 manatdan başlayan gül buketi alırlar.

Sözügedən qiymətlə barədə fikirlərini “Sherg.az”la bölüşən iqtisadçı-alim Nazim Bəydəmirli qeyd edib ki, dövlət büdcəsinin təxminən 10 faizə yaxını təhsilə xərclənsə də, vətəndaşlar kurslara, repetitorlara əlavə vəsait verməli olurlar:

“Bu gün istənilən valideyn məktəb ləvazimatlarının qiymətindən narazıdır. Ay ərzində 4-5 repetitor yanına getmək isə ən azı 60-100 manat civarındadır. Deməli, bir şagirdin normal təhsil alması üçün ayda 500 manata yaxın pul lazımdır. Bunların hamısı vətəndaşların büdcəsində nəzərə alınmayan xərclərdir. Orta məktəblərdə normal təhsil sistemi qurulsaydı, belə mənzərənin şahidi olmazdıq”.

N.Bəydəmir müxtəlif ölkələrdə şagirdlərin çatnasından tutmuş, digər məktəb ləvazimatlarının dövlət tərəfindən qarşılandığını xatırladıb:

“Bu yaxınlar Rusiya hökuməti də belə qərar qəbul etdi. Hətta tətil vaxtı uşaqların istirahəti üçün ailələri müəyyən vəsaitlər ödənilir. Ölkəmizdə isə belə təcrübə yoxdur. Ümumiyyətlə, Azərbaycan sosial müdafiə sistemi çox zəifdir. Vətəndaşların gəlirləri ilə xərcləri adekvat deyil. Görünməyən xərclər əhalinin maddi vəziyyətini daha da pisləşdirir. Qarşıdan qış mövsümü gəlir. Kommunal xərclər üçün əlavə vəsaitlər lazım olacaq. Təbii qazla bağlı limitin götürülməsi əhaliyə çətinliklər yaradır. Azərbaycan vətəndaşları həm qiymət artımı ilə baş-başa qalıb. Bütün bunların qarşısı alınmalı, normal idarəçilik tətbiq olunmalı, vətəndaşların xərci azaldılmalıdır. Hökumət uşaqlar üçün müavinətlər verməlidir”.


Yegane Bayramova