Uduşda 10 min dollar var?


Azərbaycan da peyvənd olunanlar üçün lotoreya oyunu keçirə bilər

Gürcüstanda  peyvənd edilən insanlar həvəsləndiriləcək və onlara lotoreyalar vasitəsi ilə pul mükafatı veriləcək. Bu barədə Gürcüstanın milli lotoreya kompaniyası məlumat yayıb. Məlumatda qeyd olunub ki, lotoreya həm gündəlik, həm də həftəlik oynanılacaq və nəhayət, dekabrın 31-də final mərhələsi keçiriləcək. Məlumata əsasən, hər gün 160-a yaxın mükafat oynanılacaq. Gündəlik 100-500 lari, həftəlik - 1000, 1500, 5000 və 10 min lari məbləğində mükafatlar oynanılacaq. İlin sonunda yekun lotoreya olacaq və bu mükafat fondu 100 min lari təşkil edəcək. Bəs, Azərbaycanda peyvəndlənmə prosesində niyə bu kimi aksiyalar təşkil olunmur? Məsələn, hər ay ən azı uduşa 10 min dollar qoyub insanları peyvəndlənməyə həvəsləndirmək olar.

Peyvəndlənmə prosesində ilk belə təşəbbüsün Amerika və Avropa ölkələrindən gəldiyini deyən sosioloq Sahib Altay "Şərq"ə açıqlamasında vurğulayıb ki, əslində bu cür metodlar insan psixologiyasına müsbət təsir edir. Onun sözlərinə görə, Azərbaycanda da bu cür metodların tətbiqi məqsədəuyğundur: 

"Təqribən 2-3 ay bundan öncə Avropa və Amerikadan belə təkliflər irəli sürülmüşdü. Çünki Azərbaycandan fərqli olaraq, Avropa və Amerikada insanlar peyvəndlənməyə məcbur edilə bilməz. Məhz bu səbəbdən də, həmin ölkələr bu cür üsullara əl atırlar. Gürcüstan da Avropaya inteqrasiya etməyə çalışdığına görə eyni metodu tətbiq edir. Təbii ki, bu günləri bütün dünya dövlətlərinin qarşısında  yalnız bir məqsəd durur: "Bir nəfər belə istisna olmamaq şərtilə, (bəzi xəstəlikləri olan insanları çıxmaqla) bütün dünya əhalisi bu peyvəndlənmə prosesindən keçməlidir. Ancaq demokratiyanın hökm sürdüyü toplumlarda insanlar hər şeyə məcbur edilə bilməz, həmçinin də peyvəndlənmə prosesi. Buna görə də həmin dövlətlər hansısa üsullarla insanların psixologiyasına təsir etməyə məcburdurlar. Bu yolla onları  könüllü peyvənd edirlər. Onu da qeyd edim ki, bu metodlar üzərində Avropada xüsusi olaraq psixoloq, sosioloq heyətləri işləyir. Onlar isə çalışırlar ki, sonda qəbul olunan qərarlar  insanlar üçün zərərli olmasın". 

Sosioloq əlavə edib ki, peyvəndlənmə faydalı olsa da, digər tərəfdən insanların ona qarşı inamsızlığı var: 

"Məhz bu inamsızlığın qarşısının alınması üçün Avropa ölkələrində bu cür könüllü metodlardan istifadə edilir. Təbii ki, Azərbaycanda da bu, təşkil olunsaydı yaxşı olardı, lakin çox təəssüf ki, bizim ölkəmizdə könüllü adı ilə insanlar peyvəndlənməyə məcbur edilir. Düzdür, bizdə əvvəl qərar çıxdı ki, könüllü olacaq. Lakin ardınca məlum oldu ki, peyvənd olunmayan şəxslər iş yerlərinə buraxılmayacaq. Yəni biz ümumiyyətlə, evdən çıxıb ictimai mühitdə hərəkət edə bilməyəcəyik. Ancaq peyvəndlənmənin bu şəkildə məcburi olması nə məqsədəuyğundur, nə də insanlar üçün xoşdur. Vətəndaşın razılığını qazanaraq, bu işi  yerinə yetirmək daha labüd idi. Bundan ötrü də lotoreya kimi digər şirnikləşdirici metodlardan Azərbaycanda da istifadə oluna bilərdi. Həmçinin, insanlara müxtəlif güzəştlər tətbiq edilə bilərdi. Tutaq ki, hər hansı bir işçiyə işlədiyi iaşə obyektindən və yaxud dövlət müəssisəsi tərəfindən bir aylıq əlavə məvacib ödənilə bilərdi, yaxud da ki, hansısa mağazalara alış-verişlərdə müəyyən faizli güzəştlər tətbiq edilə bilərdi və s. Yəni insanları müxtəlif üsullarla peyvəndlənməyə cəlb etmək olardı. Bu da əlbəttə, öz növbəsində peyvəndə qarşı olan inamsızlığı aradan qaldırardı. Bizdə təbii ki, demokratiya olmadığı üçün asan şəkildə insanlar bu prosesə məcbur edildilər və onların qorxmağı heç kimi düşündürmədi. Ümumiyyətlə, karantin dünya əhalisinə böyük psixoloji gərginlik yaşatdı. Bunun ardınca isə  peyvəndlənmə haqqında müxtəlif şayiələr yayıldı ki, bu da yenidən insanların psixologiyasını korladı.  Təbii ki, indiyə kimi dünya tarixində onlarla karantin hadisəsi olub. Bizim dövrümüzə qədər olan karantinlərdən ən böyüyü 18-ci 19-cu əsrlərin vəba pandemiyası idi. Bu günləri kütlə onlarla maraqlanmır, yalnız elm adamları, təhsilli adamlar maraqlanır. Kütlə belə şeylərlə maraqlanmadığına görə, "dünya əhalisini qırırlar", "kütləvi qırğın olacaq", "əhalini qırmaq üçün qəsdən xəstəlik yayırlar" və s. kimi  fərqli-fərqli konstrologiyalar irəli sürdülər. Bunun qarşısını almaq üçün dövlət tərəfindən belə metodlardan istifadə olunmalı idi. Azərbaycanda karantindən tutmuş peyvəndlənməyə kimi hər şeydə beynəlxalq karantin protokolları var. Lakin Azərbaycan və onun kimi  olan ölkələrdə bu karantin protokollarının heç birinə indiyədək əməl olunmayıb".

Aynurə Pənahqızı