“İqtisadiyyatımıza investisiya qoyuluşu sürətlə artacaq”

2021-ci ilin birinci yarısında Azərbaycan iqtisadiyyatına cəlb edilmiş birbaşa investisiyaların həcmi artıb. Mərkəzi Bankın məlumatına əsasən, müvafiq dövr ərzində Azərbaycan iqtisadiyyatına xarici ölkələrdən 2 635 666 000 dollar investisiya yönləndirilib. Bu isə 2020-ci ilin eyni dövrü ilə müqayisədə 25,1 faiz çoxdur.

Ötən dövrdə ölkəmizə ən çox investisiya yatıran ölkə Birləşmiş Krallıq olub. Buradan Azərbaycana 891 673 000 dollar vəsait cəlb edilib. Vəsaitin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 15,2 faiz artıb. İqtisadiyyatımıza ikinci ən çox dəstək olan ölkə isə Türkiyədir. Azərbaycana Türkiyədən 370 989 000 dollar sərmayə qoyulub ki, bu da illik müqayisədə 43,3 faiz çoxdur. Vəsaitin həcminə görə siyahıda növbəti ölkə - ABŞ-dır. Birləşmiş Ştatlardan Azərbaycana investisiya qoyuluşu 48,8 faiz artıb və 313 816 000 dollar olub.

İstənilən ölkə iqtisadiyyatını investisiyasız düşünməyin mümkün olmadığını söyləyən iqtisadçı-ekspert Pərviz Heydərov “Sherg.az”a açıqlamasında qeyd edib ki, Azərbaycana xarici investisiyaların daha çox cəlb olunması olduqca müsbət haldır:

“Çünki yerli maliyyə imkanları ilə ölkə iqtisadiyyatını inkişaf etdirmək xaricdən gələn maliyyə vəsaitləri hesabına iqtisadiyyatı hərəkət etdirməkdən daha zəifdir. Yəni yerli maliyyə vəsaitlərinin yükü xarici investisiyalar qədər deyil. Ona görə də hər bir dövlət çalışır ki, xarici ölkələrdən maliyyə vəsaitlərinin cəlb edilməsinə nail olsun”.

İqtisadçı vurğulayıb ki, Azərbaycan kimi ölkə üçün də xarici investisiyaların yatırılması xüsusilə vacibdir:

“Bir neçə ildir ki, qeyri-neft sektorunun inkişafında məqsəd olaraq xarici investisiyaları əsas götürmüşük. Qeyri-neft sektorunun inkişafının isə yerli maliyyə vəsaitləri hesabına təmin edilməsi çox çətindir. Məsələn, neft-qaz sektorunda qısa müddətdə bu qədər nailiyyəti necə əldə etdik?. Çünki 1994-cü ildə “Əsrin müqaviləsi” bağlandı, bununla da ölkəmizin qapıları neft-qaz sektoru üçün xarici investorların üzünə açıldı. Ancaq xarici investorların ölkəmizə dərhal gəlməsi o qədər də asan olan məsələ deyil. Bunun üçün müəyyən zaman lazımdır. Məlumdur ki, iki ilə yaxındır pandemiya hökm sürür. Bu da həm dünya, həm Azərbaycan üzrə investisiya qoyuluşlarını kəskin şəkildə azaltdı. Lakin belə bir şəraitdə ölkəmizdə ilin birinci yarısında investisiya qoyuluşlarında artımın qeydə alınması müsbət hadisədir. Pandemiya şəraiti ilə bağlı yaranan “toz-duman” tam aradan qalxarsa, iqtisadiyyatımız dayanıqlılıq nümayiş etdirərsə, investisiya qoyuluşlarının daha sürətlə artımına şahid olacağıq”.

 Yeganə Bayramova