Sularımızda böyük paralar var


Balıqçılığı inkişaf etdirmək üçün ölkənin potensialı böyükdür

"İşğaldan azad olunmuş ərazilərimiz gələcəkdə Azərbaycanda balıqçılığın inkişafına mühüm təkan verəcək"


"Hansı ayın adında "r" hərfi varsa, o ayda balıq yemək olar" kimi bir deyim formalaşıb. Düzdür, bu, ruslardan gələn bir fikirdir. "R" hərfi "rıba"ya işarədir. Ancaq peşəkar balıqçılar deyirlər ki, balığı ilin 12 ayında yemək olar. Sadəcə, "r" hərfi olmayan isti yay aylarında balığı təzə-təzə, tutan kimi yemək lazımdır... Amma bu bir reallıqdır ki, Azərbaycanda balıq mövsümü adətən sentyabrın sonlarından başlayır. Azərbaycan mətbəxində balıq önəmli bir yer tutur, məclislərdə, şadlıqlarda ən azı bir növ də olsa, balıq yeməyi süfrəyə qoyulur. 

Bəs, Azərbaycanda balıqçılığın inkişafı hansı səviyyədədir?

İqtisadçı-ekspert Rauf Qarayev "Şərq"ə açıqlamasında deyib ki, vaxtilə balıqçılıq ölkə büdcəmizə böyük gəlir gətirən sahə olub.  Ekspert qeyd edib ki, balıqçılığın regionlarda genişləndirilməsinə baxmayaraq, o, əvvəlki kimi gəlir gətirən sahə deyil: 

"Bunun səbəblərindən biri, çayların axın istiqamətinin müxtəlif şəxslər tərəfindən zəbt edilərək göl yaradılmasıdır. Həmçinin çaylarda suyun azalması, onların mütəmadi təmizlənməməsi, çaylara, kanallara müxtəlif zərərli tullantıların atılması və s. kimi amillər onun inkişafına mənfi təsir edib. Hesab edirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və digər qurumlar nəzarəti gücləndirsə balıqçılıq büdcəyə daha çox gəlir gətirər. Düzdür, qanunvericilikdə nəsli kəsilməkdə olan, azalan balıqların tutulması ilə bağlı cərimələr var. Amma bu bəs etmir. Qanunların daha da sərtləşdirilməsinə ehtiyac var. Bu günləri ölkəmizdə balıq məhsullarını ixrac etmək üçün hətta kifayət qədər potensialımız var. Hesab edirəm ki, bu istiqamətdə mühüm addımlar atıla bilər. Məsələn, Qubadlı və Laçında olan çayların kifayət qədər böyük balıqçılıq potensialı var. Həmçinin Yuxarı Qarabağ ərazisində yeraltı su ehtiyatları kifayət qədər böyükdür. Yəni işğaldan azad edilən ərazilərimiz balıqçılığın inkişafı üçün mühüm potensiala malikdir. Hesab edirəm ki, işğaldan azad olunmuş ərazilərimiz gələcəkdə Azərbaycanda balıqçılığın inkişafına mühüm təkan verəcək".

Aynurə