Gələn il əməkhaqlarında artım olacaq

2022-ci il büdcə gəlirlərinin formalaşmasında hər hansı çətinlik yoxdur

Maliyyə Nazirliyinin 2022-ci ilin dövlət büdcəsinin gəlirləri üzrə göstəriciləri razılaşdırılmayıb. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, sənəd ilkin xarakter daşıyır və qarşıdakı günlərdə Maliyyə Nazirliyi və digər aidiyyəti strukturlarla müzakirələr davam etdiriləcək. Sənəd Maliyyə Nazirliyinin internet səhifəsi vasitəsilə açıqlandıqdan sonra kütləvi informasiya vasitələrindən 2021-ci ildə dövlət büdcəsinə daxilolmaların artım mənbələri ilə bağlı çoxsaylı sorğular daxil olmaqdadır. 

Qanunvericiliyin tələblərinə görə, növbəti il və sonrakı üç il üzrə dövlət və icmal büdcənin layihələrinin parametrlərinə dair məlumatlar Milli Məclisə təqdim edilənədək ictimai müzakirələr üçün açıqlanmalıdır. Mövcud praktikaya əsasən, sənəd dərc olunmamışdan əvvəl əsas iqtisadi göstəricilər aidiyyəti dövlət qurumları, o cümlədən İqtisadiyyat Nazirliyi ilə razılaşdırılır. 

Maliyyə Nazirliyinin sənədlə bağlı tərəddüdünü “Şərq”ə dəyərləndirən millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, qanunla nəzərdə tutulmuş müddətdə nazirlik büdcə layihəsini Nazirlər Kabinetinə təqdim edir. Daha sonra sənəd Administrasiya vasitəsi ilə Milli Məclisə daxil olur. Deputat vurğulayıb ki, hələlik qanunvericilikdə nəzərdə tutulmuş müddət keçmədiyi üçün hansısa qanun pozuntusu yoxdur: 

“Xüsusi hallar baş verməzsə, büdcə layihəsi ilə bağlı sənəd vaxtında parlamentə təqdim olunacaq. Daha sonra Milli Məclisdə büdcə layihəsinin detalları ilə bağlı geniş müzakirələr aparılacaq. Deputatlar təkliflərini verəcəklər. Təbii ki, makroiqtisadi göstəricilərin, xüsusən büdcə gəlirlərinin artımı ilə bağlı göstəricilərin razılaşdırılması çox vacibdir. Nəzərə alaq ki, İqtisadiyyat Nazirliyi yanındakı dövlət vergi xidməti vergi yığımlarından məsuldur. Bu baxımdan fiskal gəlirlərin formalaşmasında nazirliyin xüsusi rolu var. Lakin bir məqamı qeyd edək ki, neftin dünya bazarında qiyməti məqbul səviyyədədir. Qeyri-neft sektorundakı artım proqnozlaşdırılandan daha çoxdur. Cari ilin 8 ayında qeyri-neft sektorunda və Ümumi Daxili Məhsulun həcmində 3.6 faiz artım qeydə alınıb. Qeyri-neft sənayesində artım ikirəqəmlidir. O baxımdan 2022-ci il büdcə gəlirlərinin formalaşması ilə bağlı hansısa çətinlik yoxdur. Maliyyə Nazirliyinin təqdim etdiyi göstəricilərdən də aydınlaşır ki, gələn il orta aylıq əməkhaqqında, eləcə də əhalinin gəlirlərində artımlar olacaq”. 

İsmayıl Qocayev