Azərbaycanın səsi nəhayət eşidildi

Ekologiya və ətraf mühitin mühafizəsi

Ekoloji terror BMT səviyyəsində müzakirə olunur

Ermənistan Oxçuçayı çirkləndirməklə təkcə bir rayon üçün deyil, böyük bir region üçün ekoloji fəlakət yaradıb


Cenevrədə yerləşən Su, Ətraf Mühit və Sağlamlıq üzrə Qlobal İnstitutunun  təşəbbüsü ilə Oxçuçayın Ermənistanın dağ-mədən şirkətləri tərəfindən çirkləndirilməsi problemi BMT-nin 48-ci İnsan Hüquqları Şurasının ümümi mübahisələr sessiyasında müzakirəyə çıxarılıb. Bu barədə Su, Ətraf Mühit və Sağlamlıq üzrə Qlobal İnstitutunun əməkdaşı Noah Curry çıxış edib. Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatında qeyd edilir ki,  GIWEH bu addımla İnsan Hüquqları Şurasının və beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanın Zəngilan rayonunun ərazisindən keçən və Araz çayına tökülən Oxçuçayda yaranmış ekoloji təhlükələrə və kritik duruma cəlb etmək istəyir. 

Qeyd edilib ki, suyun çirkləndirilməsi, tullantıların idarə edilməsi bölgədə çox ciddi bir problemə çevrilir və beynəlxalq birlik çirklənmənin qarşısının alınması və nəzarət edilməsi mexanizmini hazırlamalıdır. GIWEH nəzərə çatdırıb ki, Rio bəyannaməsinin ikinci prinsipində "digər dövlətlərin və ya ərazilərin milli yurisdiksiyasının hüdudlarından kənarda ətraf mühitə zərər verməmək" şərti ilə sahilboyu dövlətlərin su ehtiyatlarından istifadəyə dair hüquq və vəzifələrə sahib olduqları ifadə edilib. Qurum beynəlxalq birliyi “İnkişaf hüquqlarına və heç bir əhəmiyyətli zərər verməmək Öhdəliyinə” əsaslanan sabit və ədalətli qərarlar hazırlanmasına yardım etməyə çağırıb.

Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğalından sonra 28 il müddətində ekologiyaya vurduğu dəhşətli zərbələr göz önündədir. Müsbət olan budur ki, bu ekoloji fəlakəti beynəlxalq təşkilatlar da artıq təsdiqləyir və çıxış yolu axtarırlar. Ermənistanın törətdiyi bəşəri cinayətlərinin bir hissəsi olan ekoloji fəlakətlərlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Emin Qarabağlı da bildirmişdi ki, Ermənistan hələ də Transsərhəd Su hövzlərinə dair Helsinki Konvensiyasına qoşulmayıb: "1992-ci ildə Helsinki (Finlandiya) şəhərində qəbul edilmiş bu beynəlxalq sənəd transsərhəd səth və yeraltı sularının ekoloji cəhətdən etibarlı idarə olunmasına və qorunmasına yönəlmiş milli tədbirlərin və beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün bir mexanizm rolunu oynayır. 

E.Qarabağlı qeyd edib ki, Qafan və Qacaran dağ-mədən sənayesinin tullantıları ilə hədsiz dərəcədə çirkləndirilən Oxçuçay, sanki sənaye tullantılarının kollektoru rolunu oynayır: "Bu sular təmizlənmədən birbaşa çaya axıdıldığı və çirklənmə səviyyəsi dəfələrlə normadan artıq olduğu üçün bu su ehtiyatlarının ölkə ərazisində istifadəsi yararsız hesab edilir. Oxçuçayın Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayına töküldüyünü nəzərə alsaq, onun çirklənməsi Araz çayının su ehtiyatlarının keyfiyyətinə də birbaşa təsir göstərir. Araz çayı Kür çayının ən böyük sağ qolu olmaqla Ermənistanla digər transsərhəd çaydır və Azərbaycanın əkin sahələrinin suvarılmasında həlledici rol oynayır. Lakin çaydakı suyun keyfiyyətinin ciddi dəyişikliyi səbəbindən onun məişət və kənd təsərrüfatı ehtiyacları üçün istifadəsi son dərəcə mənfi təsirlərə yol aça bilər". 

“Altay” Sosial Araşdırmalar Mərkəzinin sədri Elçin Bayramlı ”Şərq”ə açıqlamasında bildirdi ki, ekoloji fəlakətin qarşısını almaq üçün həm daxildə, həm də beynəlxalq təşkilatlarla iş aparılmalıdır: 

- Oxçuçayın suyu o qədər zəhərlənib ki, burada heç bir canlı yaşamır. Onun suyundan suvarmada istifadə edilən Zəngilan rayonu ərazisində torpaq da zəhərlənib və bu su ilə yetişdirilən məhsul əhalinin sağlamlığı üçün təhlükə törədəcək. 

Qısası, Ermənistan bu çayı ağır çirklənməyə məruz qoymaqla təkcə bir rayon üçün deyil, böyük bir region üçün ekoloji fəlakət yaradıb. Oxçuçay vasitəsilə Arazın çirkləndirilməsi İrana da ciddi ekoloji zərər vurur. Ona görə də Azərbaycan haqlı olaraq məsələni BMT səviyyəsinə çıxarıb. Bu işə İranı da cəlb etmək lazımdır. Ermənistan bu ekoloji terrora görə kompensasiya ödəməli, Azərbaycana keçən çayların çirkləndirilməsini dayandırmalıdır. Oxçuçayın zəhərli suları gələcəkdə Xudafərin su anbarına tökülməlidir. Bu anbardan da ətraf ərazilərdə suvarma üçün istifadə ediləcək. 

Ona görə də bu artıq təhlükənin böyüyəcəyi deməkdir. Zəngilanda məskunlaşma və təsərrüfat işləri başlamamış bu problemin qarşısı alınmalıdır. Çirklənən ərazilər təmizlənməlidir. Bu isə çox böyük vəsait, xərc və enerji tələb edir. 

Dövlətimizin bunun üçün müvafiq maliyyə və texniki imkanları var, lakin Ermənistan hər bir halda təzminat ödəməlidir. Bunun üçün beynəlxalq təşkilatlarda və dünya məhkəmələrində ciddi iş aparılmalı, Ermənistanın beynəlxalq konsensiyaların tələblərinə riayət etməsi, vurulan zərərə görə təzminat ödəməsi təmin edilməlidir. Əminəm ki, tezliklə belə də olacaq.

Məlahət Rzayeva