Ancaq varlı, imkanlı adamlar ala bilir

Ona görə bu il ölkəyə gətirilən elektromobillərin idxalı kəskin azalıb

"Bu gün bizdə elektromobil 1800-ci illərdə at sahibi olmaq kimidir"

Bu ilin yanvar-avqust aylarında Azərbaycan xaricdən dəyəri 1,846 mln. ABŞ dolları olan 55 elektrikli avtomobil idxal olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsində 2,5 dəfə, dəyər ifadəsində isə 4,2 dəfə azalıb. Təkcə avqust ayında ölkəyə 313,39 min dollarlıq 11 elektromobil gətirilib ki, bu da iyul ayı ilə müqayisədə miqdar ifadəsində 37,5 faiz, dəyər ifadəsində isə 10,5 faiz çoxdur. Qeyd edək ki, cari ilin yanvar-avqust aylarında elektromobillərin Azərbaycanın ümumi avtomobil idxalındakı payı cəmi 0,1 faiz təşkil edib.
Azərbaycana elektromobillərin idxalı kəskin azalmasının səbəbi nə ilə bağlıdır?

Nəqliyyat eksperti Fərid Hüseynov "Şərq"ə açıqlamasında qeyd edib ki, elektromobillərin kütlə üçün əlçatan olmaması onun idxalını kəskin azaldan səbəblərdən biridir. Ekspert qeyd edib ki, ümumiyyətlə, bu avtomobillərin qiyməti çoxluq üçün bahadır:

 "Bu gün bizdə elektromobil 1800-ci illərdə at sahibi olmaq kimidir. Yəni ancaq varlı, imkanlı adamlar ala bilir. O da çox vaxt ikinci maşın kimi. İdxalın azalmasının digər səbəblərində biri isə şarj infrastrukturunun olmamasıdır. Bakıda 8-9 yerdə belə şarj infrastrukturu var, digər bölgələrimizdə isə sıfıra bərabərdir. Dövlət Gömrük Komitəsi elektromobillərin gömrük rüsumuna endirim etsə də, buna baxmayaraq, onun alış qiyməti hələ də bahadır. Hətta bu avtomobillərin texnologiyası (batareya) belə bahadır. Fikrimcə, bu avtomobillər kütləviləşdikcə, o zaman onların qiymətlərində də enmə müşahidə edilə bilər. Ümumi olaraq deyə bilərəm ki, bu avtomobillər keyfiyyətlidir. Təbii ki, hansısa markada qüsurlar ola bilər və bu, qaçılmazdır".

Ekspert qeyd edib ki, indi istehsalçıların hamısı sürətlə elektriklənməyə keçir: 

"Təbii ki, bu da getdikcə maşınların qiymətinə təsir edəcək. Məsələn, "Volkswagen" ciddi yatırımlar edib və onlar çalışırlar ki, daha ucuz elektromobil istehsal edə bilsinlər. Çünki dünyada ekoloji vəziyyət pisləşir və alternativ yanacaq bunun həlli yollarından biridir. Bu vəziyyətə görə fərqli ölkələrin də avtomobil istehsalçılarından fərqli tələbləri var. Avropa Birliyi isə qanunları lap sərtləşdirir. Ona görə də istehsalçılar Daxili Yanma Mühərrikinin çirkləndirmə səciyyəsini azaltmağa çalışır, buna da elektrik kömək edir. Elektriklənmə deyəndə ən azı hibrid nəzərdə tutulur - yəni DYM ilə bərabər batareya da var. Aşağı sürətlərdə batareya işləyir deyə, atmosferə karbon-dioksid qazının atılması azalır. Az qala artıq hər istehsalçının hibrid güc qurğulu modelləri satışdadır. Hibrid sanki keçid mərhələsidir, bu mərhələ tam elektrikə keçid üçündür. Zamanla DYM maşından çıxarılacaq və maşın ancaq elektriklə işləyəcək. Bunun isə ətrafa tullantısı, karbon dioksid atqısı yoxdur".

Aynurə Pənahqızı