Bahalaşmanın qarşısını almaq mümkün olmayacaq

Ölkədə çörək və digər un məmulatlarının qiymətləri sərbəst buraxılmalıdır

"Əvəzində isə əhalinin sosial müdafiəsinin qayğısına qalmaq lazımdır. Tələb olunan budur"


Nazirlər Kabineti “Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə” qərarında dəyişiklik edib. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, un istehsalçıları tərəfindən satılan unun hər tonuna görə un istehsalçılarına verilən subsidiyanın hesablanması üçün bir ton unun topdansatış qiymətinin yuxarı həddi 520 (beş yüz iyirmi) manat, un istehsalçısının ölkədaxili xərclər daxil olmaqla marjası bir ton unun topdansatış qiymətinin yuxarı həddinin 25 faizi həcmində müəyyən edilib.

Eyni zamanda, un istehsalçıları tərəfindən satılan unun hər tonuna görə un istehsalçılarına ödənilməli subsidiyanın məbləği bu Qərara əsasən müəyyən olunan orta aylıq idxal dəyərinə bu Qərarla müəyyən edilən həcmdə un istehsalçısının marjası əlavə edilməklə hesablanmış məbləğlə müəyyən edilən bir ton unun topdansatış qiymətinin yuxarı həddi arasındakı fərq məbləğində müəyyən ediləcək. Un istehsalı ilə məşğul olan şəxslər tərəfindən un bu qərarla müəyyən edilən topdansatış qiymətinin yuxarı həddindən artıq qiymətə satıldıqda, subsidiyanın məbləği həmin fərq qədər azaldılacaq.

Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov "Şərq"ə açıqlamasında bildirib ki, burda əsas məqsəd dünya bazarında buğdanın qiymətinin artımlarının ölkə daxilində çörək və eləcə də un məmulatlarına təsirlərini minimumlaşdırmaqdır: 

"Sənədə əsasən, istehsalçılar tərəfindən satılan unun hər tonuna görə un istehsalçılarına verilən subsidiyanın hesablanması üçün bir ton unun topdansatış qiymətinin yuxarı həddi 520 (beş yüz iyirmi) manat müəyyənləşib. Un istehsalçısının ölkədaxili xərclər daxil olmaqla marjası bu qiymətin 25 faizi, yəni 130 manat müəyyən edilib.  Qərara əsasən subsidiyaların hesablanması üçün orta aylıq idxal dəyəri hesablanacaq. Bu dəyərə istehsalçının marjası, yəni 130 manat əlavə olunacaq və alınan rəqəm 520 manatdan çıxılacaq. Alınan fərq subsidiya formasında un istehsalçılarına ödəniləcək. Məsələn, əgər şərti olaraq orta aylıq idxal dəyəri 280 manatdırsa, o zaman onun üzərinə 130 manat gəlinəcək və 520 manatdan alınan məbləğ (410 manat) çıxılacaq və un istehsalçısına 110 manat subsidiya ödəniləcək. Təbii ki, orta aylıq idxal dəyərindən asılı olaraq subsidiya məbləği müəyyənləşəcək. Qiymət artımlarının qarşısını almaq üçün müəyyən edilən topdansatış qiymətinin yuxarı həddindən artıq qiymətə satıldıqda, subsidiyanın məbləği həmin fərq qədər azaldılacaq. Ərzaqlıq buğdanın orta aylıq idxal dəyəri isə idxal olunan ərzaqlıq buğdanın həcmində ən yüksək paya malik olan ölkə üzrə məlumatlar əsasında 3-cü sinif ərzaqlıq buğdanın orta aylıq qiymətinin üzərinə həmin ölkənin tətbiq etdiyi ixrac rüsumunun orta aylıq məbləğini əlavə edərək, Azərbaycan Respublikası Mərkəzi Bankının həmin dövrün sonuna müəyyən etdiyi rəsmi məzənnə əsasında hesablanacaq.

 Bu qərarda məqsəd un istehsalçılarına subsidiya verməklə çörəyin qiymətindəki artımların qarşısını almaqdır. Belə ki, subsidiya un istehsal xərclərinin bir hissəsinin dövlət mənbələri hesabına kompensasiya edilməsinə imkan verəcək və bu da unun maya dəyərinin aşağı düşməsinə səbəb olacaq".

İqtisadçı-ekspert Pərviz Heydərov "Şərq"ə açıqlamasında deyib ki, ölkədə çörək və digər un məmulatlarının qiymətləri sərbəst buraxılmalıdır. Ekspert əlavə edib ki, söhbət ərzaq buğdasının idxalına tədbiq olunan ƏDV-in ləğvi, un istehsalçılarına subsidiyaların verilməsi və sair kimi güzəşt və kompensasiya xarakterli tədbirlərdən gedir: 

"Bunlar qiymətləri sabit saxlamaq üçün mənasız "çabalardır".  Bir məhsulun ki, xarici bazarlarda qiyməti artır, bunun qiymətini daxili bazarda sabit saxlamaq çətin məsələdir, daha dəqiq desəm, qeyri-mümkündür. Xüsusən də, o məhsul üzrə idxaldan əgər asılı sayılırsansa. 

Neçə illərdir ki, hökumət ölkədə taxılçılığın inkişafı üçün, daxili tələbatı ödəmək üçün yerli ərzaq buğdası tədarükündə maksimal həcm əldə etməyə nail olmaq məqsədilə müxtəlif stimullaşdırıcı addımlar atır və müvafiq siyasət yürüdür. Ancaq göründüyü kimi, bunun istənilən səviyyədə effektiv nəticəsi yoxdur. Və ölkə bu sarıdan yenə də idxaldan asılı vəziyyətdədir". 

İqtisadçı hesab edir ki, illər öncə, daxildə sözügedən sahədə sərbəst qiymət siyasəti tətbiq olunsa və yürüdülsəydi və dəyər real tələb və təklifin nisbəti altında formalaşaraq təşəkkül tapsa idi, indi vəziyyət tam başqa cür olardı: "Sözün qısası, çörəyin və digər un məhsullarının qiymətini buraxmaq, əvəzində isə əhalinin sosial müdafiəsinin qayğısına qalmaq lazımdır. Tələb olunan budur. Çıxış yolu məhz bundadır!".

Aynurə Pənahqızı