Tələbə kirayə hayında, “xozeyn” pul axtarır: 100-200 manat bahalaşıb... - SORĞU 



Xəbər verdiyimiz kimi, 22 sentyabrda orta məktəblər, 29 sentyabrda isə ali təhsil müəssisələrində ənənəvi təhsil bərpa olunur. Bəzi tələbələr ailəsi ilə qalacaqlar, bəziləri qohum evində, bəziləri isə kirayə mənzillərdə... 
Nəzərə alaq ki, 2020-ci ilin 3 martından etibarən orta və ali təhsil müəssisələrində tədrisin əyani formatı dayandırılıb. İl yarım sonra kirayə mənzillərin qiymətləri tələbə və valideynlər üçün maraqlıdır. Bu səbəbdən biz də tələbələr arasında kirayə mənzillərin qiyməti ilə bağlı sorğu keçirdik. 

Səhər saatlarında işə gələrkən  Bakı Dövlət Universitetinin(BDu) qarşısında toplaşan tələbələrə yaxınlaşdım. "Universitet başladıqda “ailənizlə, yoxsa kirayə mənzillərdə qalacaqsınız?” sualını ünvanladım. 

“300-350-yə ev tapmaq olur, amma kənar yerlərdə”

BDU - nun Tarix müəllimliyi ixtisası üzrə təhsil alan Vəsilə Allahverdiyeva bildirib ki, 450-500 manata 2-3 otaqlı ev tapa bilirik:

“ Daha lüks evlər isə 600-650 manatdır. Pandemiyadan əvvəl 1-ci kursda qaldığımız ev 350 manat idi, indi də 300-350-yə ev tapmaq olur, amma kənar yerlərdə. Məsələn, Hövsanda, Xalqlarda, Həzi Aslanovda. Amma Elmlər Akademiyası, İnşaatçılar kimi universitetə yaxın ərazilərdə isə qiymətlər 100 azn civarında yüksəlib”.

“Elə ev sahibləri var ki, qızlara üstünlük verir”

Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) Kulturologiya fakültəsinin Sosiologiya ixtisası üzrə təhsilini davam etdirən Murad Vəliyev qeyd edib ki, ev tapa bilməsə, qohumlarının evində qalacaq:

“Çünki səliqəsi, şəraiti normal, universitetimə yaxın ərazidə mənzil tapmaq çox çətindir”.

M.Vəliyev bunu da əlavə edib ki, universitetə, metropolitenin stansiyalarına yaxın ətrafda olan 1 otaqlı, 2 otaqlı evlər 350-400 və 500 manat arasında dəyişir:

“Metrostansiyalardan kənarda olan mənzillər əvvəl 250 manat idisə, indi 300-350 manat olub. Elə ev sahibləri var ki, qızlara üstünlük verir, oğlan tələbələrə ev vermək istəmirlər”. 

"Pandemiyadan öncə mənzillərin qiyməti büdcəyə uyğun idi"

BDU-nun Qazax filialının Pedoqoji fakültəsinin Turizm və otelçilik ixtisası üzrə tələbəsi Əfsanə Allahverdiyevanın sözlərinə görə pandemiyadan öncə mənzillərin qiyməti büdcəyə uyğun idi:

"Hazırda isə əvvəlki qiymətlərə nisbətən artım var. Məsələn, əvvəl tələbə 60 manata ev tuta bilirdisə, artıq 70-80 manata qalxıb”.

“350-450 manatdan 550-600 manata qalxdı”

Azərbaycan Texniki Universiteti (AzTU) Ekologiya Mühəndisliyi ixtisası Metallurgiya və materialşünaslıq fakültəsinin 3-cü kurs tələbəsi Əliş Ələkbərli vurğulayıb ki, pandemiyadan əvvəl qiymətlər aşağı idi: 
“Əyani dərslərin başlanması qərarı verildikdən sonra qiymətlərin qalxmasının şahidi olduq. 1 otaqlı evlər demək olar ki, yoxdur, tapa bilmirik. 1 otaqlıların məhdud sayda olması 2 otaqlıların bahalalaşmasına təsir göstərir. 2 otaqlı kirayə mənzillər aylıq 350-450 manat intervalında dəyişirdisə, indi 550-600 manata qalxdı. Bu süni qiymət artımı bizi qane etmir.Amma məcburuq ki, yenə də mənzil tutaq”.
Azərbaycan Dillər Universiteti (ADU) Təhsil 2 fakültəsinin İngilis dili müəllimliyi ixtisası üzrə təhsil alan Çinarə Qasımova pandemiyadan əvvəl ilə sonra arasında fərq olduğunu qeyd edir:

“Kirayə mənzillər 100-200 manat fərq var”

“Əvvəl qiymət daha ucuz idi, hazırda isə bahalaşma həddən artıq çoxdur. Düşünürəm ki, artıq 100-200 manat fərq var. Həftələrdir mənzil axtarışındayıq, amma tapa bilməmişik. Çoxusu da tələbələrə ev vermək istəmir. Daha çox tələbə qızlara üstünlük verirdilər, indi isə ailələrə”.

Lənkəran Dövlət Universitetinin (LDU) İbtidai təhsilin metodikası fakültəsi üzrə təhsil alacaq 1-ci kurs tələbəsi Kübra Muxtarova isə qiymətlərin Bakıya nisbətən Lənkəranda ucuz olduğunu bildirib.

“2-3 ayın pulunu birdən tələb edirlər”

Qərbi Kaspi Universiteti (QKU) Filologiya və tərcümə ixtisasının 3-cü kurs tələbəsi Əlizadə Ruqiyə də evlərin bahalaşması ilə bağlı fikirlərini bildirib:

“Pandemiyadan əvvəlki vəziyyətlə indiki heç də eynilik təşkil etmir. Hətta avqust ayı ilə sentyabr arasında da qiymət baxımından xeyli fərqlər var. Bundan başqa, saytlardakı bir çox elanların şərtlərində qeyd olunur ki, ya tələbələr ev verilmir, ya ev verilirsə, 2-3 ayın pulunu birdən tələb edirlər. Onun fikrincə, kirayə sahibləri universitetlərin yenidən bağlanması ehtimalını nəzərə alaraq özlərini qarantiyə almaq üçün bu addımı atırlar. Tələbələri düşünmək lazımdır. Mənzil sahibləri yalnız ailələrə ev versələr, bəs tələbələr harada yaşayacaq?! Yaxud da 3 ayın pulunu tələbə birdən necə ödəsin?! Bununla yanaşı, universitet ödənişi valideynlərə də, tələbələrə də çətindir”. 

10 gündür ev tapa bilmirik

BDU-nun Jurnalistika fakültəsinin tələbəsi Vurğun Mədətov da vəziyyətlə bağlı narazılığını dilə gətirdi:
“Qiymətlərin qalxacağını gözləyirdim, amma bu qədər də yox. Universitetlərin açılacağını bildikdən sonra qiymət artımı daha çox oldu. Məsələn, hazırda biz üç nəfərik. 10 gündür ev tapa bilmirik. Səbəb isə oğlanlara ev verilməməsidir. Oğlan tələbələr bu baxımdan çox çətinlik çəkir. Vəziyyətdən istifadə edənlər isə “maklerlərdir”. Elə şirkətlər, əmlakçılar var ki, 30 faiz servis haqqı istəyir”.

Görünən odur ki, vəziyyətdən sui-istifadə halları artmaqdadır. Belə olduğu halda istər tələbələr, istərsə də valideynlər narazılıq edirlər.