“Azərbaycan Davosda investorları əmin etmək imkanı əldə edəcək”

Qarşıdan gələn Davos İqtisadi Forumununun bizim üçün ən böyük əhəmiyyəti odur ki, Azərbaycan pandemiya şəraitindən necə çıxdığını və bu dövrü böyük itkilərsiz yola verdiyini dünya ölkələrinə, böyük investorlara çatdırmaq imkanı əldə edəcək. Həmçinin dünya iqtisadiyyatına gedən bərpa prosesləri fonunda ölkəmizin də bu ilin may ayından etibarən iqtisadi tənəzzülə son verdiyini çatdırmaqla böyük investorları əmin etmək imkanı əldə edəcəyik. Yəni ölkəmizdəki vəziyyət stabil xarakter daşıyır və əvvəlki kimi sərmayə yatıra bilərlər.
Dünya İqtisadi Forumunun (WEF) illik toplantısı gələn il 17-21 yanvar tarixlərində Davosda keçiriləcək. Təşkilatın bəyanatında deyilir:
 "Dünya İqtisadi Forumu liderləri 2022-ci ildə İsveçrənin Davos şəhərində keçiriləcək illik toplantıda bir araya gətirməyi planlaşdırır. İllik toplantı 17-21 yanvar tarixlərində baş tutacaq".

Davos İqtisadi Forumunda iştirak edəcək ölkələrin, o cümlədən Azərbaycanın iqtisadi qazanclarını “Sherg.az”a şərh edən iqtisadçı-ekspert Pərviz Heydərov söyləyib ki, hər il Davosda keçirilən Dünya İqtisadi Forumu ənənəvi xarakter daşıyan toplantıdır.
 Ekspert qeyd edib ki, forumda əsasən dünya üzrə mövcud iqtisadi vəziyyət nəzərdən keçirilir, ayrı-ayrı ölkələrin iqtisadi durumu qiymətləndirilir, investorların hansı istiqamətdə növbəti dövr üçün fəaliyyət göstərə biləcəkləri müzakirə edilir və növbəti dövr üçün dünya iqtisadiyyatının inkişaf perspektivləri planlaşdırılır:

“Məlumdur ki, pandemiya ilə bağlı 2020-ci il bütün dünya iqtisadiyyatı üçün çox ağır il oldu. 2021-ci il pandemiyadan normal həyata keçid dövrü xarakteri daşıyır. Bu mənada yanvarda keçiriləcək növbəti Davos İqtisadi Forumunda pandemiya mərhələsi də təhlil ediləcək. Forumda həmçinin növbəti dövr üçün dünya iqtisadiyyatının inkişaf istiqamətləri müəyyənləşdiriləcək”.

Azərbaycan Prezidentinin bütün Davos İqtisadi Forumlarında iştirak etdiyini diqqətə çatdıran iqtisadçı dövlət başçısının ölkəmizin mövcud iqtisadi vəziyyəti və makroiqtisadi durumu haqqında forumda mütəmadi məlumatlar verdiyini bildirib:

“Eyni zamanda ölkəmizə xarici investorlar da bu forum vasitəsilə dəvət edilib. Prezidentimiz forumların hər birində ölkə qapısının investorların üzünə açıq olduğunu qeyd edib. Qarşıdan gələn Davos İqtisadi Forumununun bizim üçün ən böyük əhəmiyyəti odur ki, Azərbaycan pandemiya şəraitindən necə çıxdığını və bu dövrü böyük itkilərsiz yola verdiyini dünya ölkələrinə, böyük investorlara çatdırmaq imkanı əldə edəcək. Həmçinin dünya iqtisadiyyatına gedən bərpa prosesləri fonunda ölkəmizin də bu ilin may ayından etibarən iqtisadi tənəzzülə son verdiyini çatdırmaqla böyük investorları əmin etmək imkanı əldə edəcəyik. Yəni ölkəmizdəki vəziyyət stabil xarakter daşıyır və əvvəlki kimi sərmayə yatıra bilərlər. 

Digər məqam odur ki, Azərbaycan 30 ilə yaxın işğal altında olan torpaqlarını azad edib və həmin ərazilərdə böyük yenidənqurma işlərinə başlanılıb.

 Bərpa işlərində xarici investorlara böyük ehtiyac var. Bu da növbəti iqtisadi forumda diqqətə çatdırılacaq. İndiyə qədərki forumlarda belə yeniliklərimiz yox idi. Növbəti Davos İqtisadi Forumunda bu məqamı dünya iqtisadiyyatının aparıcı qüvvələri qarşısında işıqlandıra biləcəyik”.

Yeganə Bayramova