Təbiəti, mənzərəsi çox gözəldir

Xınalıq niyə də "ən yaxşı turistlik kənd" olmasın

Qarşıya hədəflər qoymaq lazımdır, bu istiqamətdə çox işlər görmək lazımdır


Quba-Xınalıq turizm marşrutu ölkəmizin şimal bölgəsinə gələn turistlər arasında ən populyar səyahət istiqamətidir. Əsrarəngiz təbiət mənzərələrinə malik Qəçrəş meşələri, dağ yamacı boyunca axan bolsulu Qudyalçay, Qafqaz dağlarının sıldırım qayalıqları arasındakı füsunkar gözəlliklər və unikallığı ilə bütün dünyada tanınan qədim Xınalıq kəndi turistləri bura cəlb edir. 

Bununla yanaşı, Quba rayonunun Azərbaycan paytaxtına məsafə baxımından yaxın region olması da turist axınında böyük rol oynayır. Qeyd edək ki, Ümumdünya Turizm Təşkilatının (United Nations World Tourism Organization – UNWTO) elan etdiyi “Ən yaxşı turistik kənd” müsabiqəsinə Azərbaycandan Xınalıq kəndinin namizədliyi irəli sürülüb. 

Bu barədə Dövlət Turizm Agentliyindən məlumat verilib. Təşkilatın bu layihəsinin əsas məqsədi kənd ərazilərində turizmin inkişafı üzrə ən yaxşı nümunələri üzə çıxarmaq, həm də uzun illər boyunca öz unikallığını, mədəni-tarixi irsini qoruyan, bununla yanaşı, həm də müasir turizmin tələblərinə cavab verən kəndləri aşkarlamaqdır.

Azərbaycanın bu cür müsabiqələrdə iştirakının əhəmiyyətli olduğunu qeyd edən iqtisadçı-alim Nazim Bəydəmirli "Şərq"ə açıqlamasında qeyd edib ki, əslində bu cür müsabiqələr gələcəkdə xarici ölkələrin turizm şirkətlərinin ölkəmizə olan marağını artıra bilər. İqtisadçı ancaq  indiki durumda Azərbaycanın hər hansı bölgəsində turistlik potensialının inkişafına inanmadığını bildirib:

 "Təbii ki, daxili turizm baxımından bizim ölkədə kifayət qədər imkanlarımız var. İlk növbədə bunu inkişaf etdirməliyik. 

Onun üçün də maarifçilik işi aparılmalıdır ki, vətəndaşlarımız Şimali Qafqaz, yaxud da ki, Ukrayna kurortlarından könüllü imtina etsinlər. 

Hesab edirəm ki, bölgələrimizə daha çox diqqət ayırsaq və infrastruktur yaratsaq, o zaman Şimali Qafqaz kurortlarını əvəz edə bilərik. 

Məsələn,  Kəlbəcərdə, Gədəbəydə və digər bölgələrimizdə, xüsusilə müalicəvi sular olan yerləri tədricən kurort mərkəzlərinə çevirə bilərik".

N.Bəydəmirli əlavə edib ki, Azərbaycan investisiya baxımından cəlbedici ölkə olmadığına görə xaricilərin bura cəlb olunması da qeyri-ciddidir: 

"Turistləri daha çox aşağı ranklı otellər cəlb edir. Ancaq Azərbaycanda tikilən otellərin əksəriyyəti böyük holdinqlərə məxsusdur. Onlar da daha prestijli "otel"lərdir. Burda da əsas məqsəd daha çox pul qazanmaq yox, daha çox pul yumaqdır. 

Yəni burda məmur sahibkarlardan daha çox olduğuna görə, korrupsiya və rüşvətxorluq halları da olur. Xınalığa gəldikdə isə, mən özüm orda hələ 82-ci ildə olmuşam.

 Tələbə olarkən ekspedisiyanın tərkibində olmuşam, torpaq xəritələri çəkilən zaman. Oranın mənzərəsi təbii ki, çox gözəldir. Oradakı əhalinin özünəməxsus dil və adət-ənənələrini, kəndin özünün koloritini mən o zamandan sevmişəm.

 Fürsətdən istifadə edərək, bunu da qeyd edim ki, Azərbaycanda yaşayan bütün milli azlıqlar Azərbaycan dövlətinin mənəvi sərvətidir. Onlara həm öz dillərini, adət-ənənələrini, məişətini, mədəniyyətini inkişaf etdirmək üçün hər cür şərait yaradılıb və yaradılmaqda da davam edir. 

Ümumiyyətlə, Azərbaycanın turizm potensialının ümumi vəziyyəti qonşu Gürcüstanla müqayisə edilməz dərəcədə aşağı səviyyədədir. Qeyd edim ki, pandemiyadan öncə Gürcüstana 7-8 milyon turist gəlirdi, turistlər yerli əhalinin sayından demək olar ki, ortalama iki-üç dəfə çox idi. 

Bu baxımdan rəqabət aparmaq üçün Azərbaycan Gürcüstanın təcrübəsindən mütləq yararlanmalıdır. Qeyd edim ki, xarici ölkə vətəndaşları hər hansı bir ölkəyə gedərkən, həmin ölkənin parametrlərinə baxırlar və onları müqayisə edirlər. 

Bu baxımdan hesab edirəm ki, bu istiqamətdə çox işlər görülməlidir.

 Azərbaycanda turizmin inkişaf etdirilməsi üçün hər hansı müsabiqələrdə iştirak etmək, təkcə piar xarakterli tədbirlər olmamalıdır. Qarşıya hədəf qoymaq lazımdır. Yəni maksimuma çatmaq üçün minimum hədəfləri aşmaq lazımdır".        

Aynurə Pənahqızı