İrandan Azərbaycana gətirilən kartoflar zay çıxdı

Təhlükəsizlik məqsədi ilə bu ölkədən gətirilən bütün məhsullara diqqət artırılıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir. AQTA-dan verilən xəbərə görə, nəzarət tədbirləri çərçivəsində İran İslam Respublikasından fiziki şəxs Yalçın Nemət Oqtay oğlu tərəfindən cari ilin 6 və 10 sentyabr tarixlərində idxal edilən ümumi çəkisi 47600 kq, hüquqi şəxs “Salamoğlu-2020” MMC tərəfindən isə 7, 8 və 14 sentyabr tarixlərində idxal edilən ümumi çəkisi 70800 kq olan ərzaqlıq kartof məhsul partiyalarına agentliyin müfəttişləri baxış keçirib. 

Baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Nümunələrin götürülməsi prosesində yük sahibinin və onun səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilib və ekspertiza keçirilənə qədər məhsul partiyasının toxunulmazlığı ilə bağlı xəbərdarlıq olunaraq onların bu barədə iltizamı alınıb. Aparılmış ekspertizanın nəticələrinə əsasən, qeyd edilən beş idxal partiyasının hər birində ölkə üçün potensial təhlükə törədə bilən karantin tətbiq edilmiş zərərverici (Phthorimaea operculella - kartof güvəsi tırtıl mərhələsində) aşkar edilib. Karantin tətbiq edilmiş bu cür zərərli orqanizmlər ətraf mühitə, ölkənin iqtisadi potensialına təhlükə yaradır. Belə ki, kartof güvəsi kartof məhsuluna ziyan vuraraq onu tez bir zamanda xarab etməklə yanaşı, həmin xəstəliyin ölkə ərazisində yayılmasına və digər təsərrüfatlarda da böyük iqtisadi zərərlərin meydana gəlməsinə gətirib çıxara bilər. Belə zərərli orqanizmlər kütləvi yayıldıqda sahədə və ya çardaq altında müvəqqəti saxlanılan kartof məhsulunu 2-3 həftə ərzində tamamilə məhv edə bilir.

Mövzu ilə bağlı iqtisadçı-ekspert Rauf Qarayev "Şərq"ə açıqlamasında bildirib ki, Azərbaycan öz kartof məhsulunu xarici bazarlara satdığına görə ölkədə kartof çatışmazlığı yaşanır. Ekspert qeyd edib ki, bunun aradan qaldırılması üçün Azərbaycan əsasən İran və Gürcüstandan daha ucuz qiymətə kartof almaq məcburiyyətindədir:

 "Ölkəmizdə soyuducu anbarlarının azlığı kartof tədarükünə mənfi təsir göstərir. Həmçinin, kartof tədarükünə mənfi təsir göstərən amillərdən biri də kartoflarda ziyanvericilərin olmasıdır. Bir amili də diqqətinizə çatdırım ki, əvvəllər adətən kəndli məhsulunu daha baha qiymətə satmaq üçün digər ölkələrin sahibkarları ilə müqavilə bağlayırdı. Təbii ki, bunun qarşısını almaq üçün məhsulun kilosuna 1 dollara vergi rüsumu tətbiq edildi ki, ölkədə yetişən kartof digər ölkələrə getməsin. Nəticədə bu, böyük səs-küy yaratdı. Təbii ki, bu, düşünülməmiş addım idi. Çünki sahibkar 5-10 illik digər ölkələrlə müqavilə bağlayır və bu illər ərzində o kartofu yetişdirib həmin bazara çatdırmalı idi. Əlbəttə ki, bu cür qərarlar Azərbaycanda qismən də olsa kartofun tədarükünə mənfi təsir göstərdi".

İqtisadçı vurğulayıb ki, İranla Azərbaycan əlaqələrində Qarabağ məsələsinə görə son günlər  bir qədər soyuqluq müşahidə olunur və bu baxımdan da təhlükəsizliyi təmin etmək üçün İrandan gələn mallara diqqət daha da artıb: 

"Bilirsiniz ki, İran hökumətinin bəzi qüvvələri bizi müxtəlif formada təhdidlə hədələyirlər. Dövlət isə buna dolayı yolla cavab verməlidir, yəni birbaşa əlaqələrə zərər yetirməməklə.  Misal üçün, Rusiya ilə bizim aramızda hər hansı narazılıq olanda Rusiya dövləti bizim məhsulları gömrükdə saxlamaqla, onların sıradan çıxmasına nail olmaq istəyirdi və ya məhsullarımızda hər hansı xəstəlik tapılırdı. Xəstəliyin tapılması nədənsə yalnız narazılıq vaxtına düşürdü. Amma yenə qeyd edirəm ki, ola bilər ki, təhlükəsizlik baxımından sərhədlərimiz gücləndirilib. Bildiyiniz kimi, son zamanlar İran hökuməti təlimlərini bizim sərhədboyu ərazilərdə həyata keçirir. Bu da bizi ilk növbədə diqqətli olmağa sövq edir".

Aynurə Pənahqızı