Nəyimizə lazımdır İranın kartofu...

Azərbaycan öz daxili tələbatını özü ödəməlidir

"Gədəbəy, Tovuz, Cəlilabad və digər bölgələrimizdə kifayət qədər normal kartof məhsulu yetişdirə bilərik"


Həyata keçirilən nəzarət tədbirləri çərçivəsində İran İslam Respublikasından “Afshin Ghoje Biglo Agha Mohammad Biglo” və “Saleh Ehsas Gojeh Bagloo” adlı təsərrüfat subyektləri tərəfindən ölkəmizə ixrac edilən kartof məhsulunda karantin tətbiq edilən kartof güvəsi (Phthorimaea operculella) aşkar edilib. Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. Məlumata görə, bununla əlaqədar agentlik İran tərəfinə notifikasiya verib, adıçəkilən subyektlər tərəfindən Azərbaycana kartof ixracının dayandırılması və baş verən uyğunsuzluqların araşdırılaraq nəticəsi barədə məlumat verilməsinin zəruriliyi bildirilib.

Qonşu ölkələrlə, əsas da ticarət partnyorlarıyla münasibətlərin gərginləşməsində heç bir fayda görmədiyini deyən iqtisadçı-alim Nazim Bəydəmirli "Şərq"ə açıqlamasında qeyd edib ki, əgər iki ölkənin müvafiq karantin qurumları qarşılıqlı olaraq verilən sənədləri tanıyırlarsa, o zaman belə addımlar atılmamalıdır. Ekspert qeyd edib ki, Rusiya kimi dövlətlər, adətən bundan ticarət partnyorlarına qarşı siyasi təzyiq aləti kimi istifadə edir: 

"Bu cür hadisələr hər zaman yaşanır, yəni birinci dəfə deyil. Ona görə də Rusya sivil dünya üçün normal dövlət kimi qəbul olunmur. Düzdür, İran qonşu ölkələrlə ticarət əlaqələrinin gücləndirilməsində maraqlıdır. Təbii ki, obyektiv olaraq məhsulda hər hansı bir zərərvericilər aşkarlanıbsa, o zaman bu, başadüşülən məsələdir. Ancaq əgər bu, hər hansı bir məqsədli xarakter daşıyırsa, o zaman mənim buna bir iqtisadçı kimi münasibətim mənfidir. Hesab edirəm ki, İran da öz növbəsində bizim ticarətçilərə, şirkətlərə hər hansı bir məhdudiyyət qoymamalıdır. Onu da qeyd edim ki, hökumətlərarası komissiya var. Hesab edirəm ki, belə məsələlərdə onlar tez bir zamanda araşdırma aparmalı və müvafiq qurumlara bu cür halların gələcəkdə təkrar olunmamasını tövsiyə etməlidirlər ki, bundan ayrı-ayrı sahibkarlar ziyan çəkməsinlər. Bu baxımdan hesab edirəm ki, biz suveren müstəqil  dövlət olaraq ərzaq təhlükəsizliyimizlə bağlı müstəqil addım ata bilərik. Ancaq bu, qarşı tərəfdə qıcıq doğurmamalıdır və anlaşılmalıdır. Əgər burda hər hansı bir subyektiv amillər varsa, bu subyektv amillərə səbəb olan insanlar cəzalandırılmalıdır".

N.Bəydəmirli əlavə edib ki, müxtəlif qurumlar hər hansı bir sahibkarı sıradan çıxartmaq üçün də belə addımlar ata bilir: 

"Biz bunun dəfələrlə şahidi olmuşuq. Azərbaycan öz daxili tələbatını ilk növbədə özü ödəməyə çalışmalıdır. Biz illər boyu Belarusdan, Rusiyadan və digər yerlərdən kartof məhsulu almışıq. 

Halbuki, Gədəbəy, Tovuz, Cəlilabad və digər bölgələrimizdə kifayət qədər normal kartof məhsulu yetişdirə bilərik. Ancaq obyektiv səbəblərdən pay torpaqları almış vətəndaşlarımız iqtisadi miqrasiya ediblər. 

Kəndlərdən, rayonlardan Bakıya və digər bölgələrə köç ediblər. Yəni soydaşlarımız müxtəlif səbəblərdən torpaqlarını əkmir və buna görə də ölkədə adi kartof məhsulu da idxal olunur".

Aynurə Pənahqızı