Millət vəkili: "Yanacağın bahalaşmasının qarşısını almaq üçün yerli istehsala ehtiyac var"

“Azərbaycana idxal edilən benzinin qiymətlərində artımın qarşısının alınması üçün həmin marka yanacaqların yerli istehsalının daha qısa zamanda təşkili vacibdir”. 

Bunu “Sherg.az” a açıqlamasında millət vəkili, iqtisadçı Vüqar Bayramov deyib. 

Deputat bildirib ki, Dövlət Neft Şirkəti 2021-ci ildə Avro-5 standartına cavab verən dizel, 2022-ci ildə uyğun keyfiyyətdə benzin yanacağı istehsalını hədəfləsə də, hələlik ölkəmizdə yalnız Aİ-92 markalı benzin və dizel email olunur

“Avro-5 standartına uyğun benzin istehsalı bir tərəfdən “Aİ 95” və “Aİ 98” markalı benzinin qiymətinin optimallaşmasına və onun xarici bazarla əlaqəsinin kəskin azalmasına səbəb olar. Digər tərəfdən isə idxal nəticəsində ölkədən valyuta axının qarşısını alınmasına gətirib çıxarar. Bu ilin birinci yarısında Azərbaycan xaricdən 52 milyon 213 min dollar dəyərində 75 min 407 ton "Aİ-95" markalı benzin idxal edib. Bu həmin müddətdə idxal olunan bənzinin həcmi 2 dəfə, dəyəri isə 2,3 dəfə artması deməkdir. Avro-5 standartına uyğun benzin əsasən Rusiya və Ruminyadan idxal olunub. İdxal edilən benzinin 60 faizdən çoxu şimal qonşumuzun payına düşüb. Bu məhsul idxalına görə, bu ilin ilk yarısında Rusiyaya 31 milyon 343 min dollar, Ruminyaya isə 18 milyon 180 min dollar ödəmişik. 2020-ci ildə isə Azərbaycan 58 milyon 615 min dollar dəyərində "Aİ-95" benzini idxal edib. Bu əvvəlki il ilə müqayisədə həcm ifadəsində 80,3 faiz çox olub”.

V.Bayramov qeyd edib ki, rəsmi rəqəmlərdən göründüyü kimi, Avro-5 standartına uyğun benzinin yerli istehsalının olmaması idxal nəticəsində hər il 100 milyon manata yaxın valyutanın ölkədən çıxmasına səbəb olur: 

“Yerli istehsalın təşkil edilməsi isə həmin vəsaitin ölkədə qalmasına imkan verə bilər. Bu baxımdan, idxal olunan yanacağın qiymətlərinin optimallaşması və qiymət artımlarını qarşısının alınması üçün qısa zamanda yerli istehsalın təşkil edilməsinə ehtiyac var. Neft istehsalçısı və ixracatçısı olan Azərbaycanda bunun daha qısa zamanda təşkil edilməsi xammal və texnoloji baxımdan hər hansı çətinlik yaratmır”.

İsmayıl Qocayev