Bahalaşmanın iki səbəbi var: inhisarçılıq və istehsalın zəifliyi...

Gündəlik həyatımızda müzakirə etdiyimiz əsas mövzulardan biri də qida məhsulları, daha doğrusu bu məhsulların qiyməti ilə bağlıdır. Bir çox hallarda ərzaq məhsullarına qoyulan süni qiymətlər dövlət standartlarından yüksək olur. Bu isə arzuladığımız qida rasionunu bizim üçün əlçatmaz edir. Elə şəhər sakinləri də, süni qiymət artımı ilə az qala hər gün rastlaşdıqlarını deyirlər.

Hər gün ərzaq məhsullarının qiyməti 20-30 qəpik bahalaşır. Marketlərdə kim necə istəyir, o cür qiymət qoyur. Məsələn, şəkər tozu, qənd və yağın qiyməti hər ötən bahalaşır. Çörəyin isə qiymətini bahalaşdırmasalar da, çəkisini azaldırlar.

Bahalaşmanın səbəblərini “Sherg.az” sadalayan iqtisadçı-ekspert Fuad İbrahimovun sözlərinə görə, BMT-nin Qida Təhlükəsizliyi Proqramındakı məlumatlara görə, son 10 il ərzində dünyada ərzaq məhsullarında artım müşahidə olunur:

“Elə məhsullar var ki, onların artım tempi verilən proqnozlardan belə bahadır. Qiymətləri tənzimləmək üçün inhisarçılıq tamamilə aradan qaldırılmalıdır. Təəssüf ki, istəsək də istəməsək də, bazarlarımızda inhisarçılıq mövcuddur. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti adlı qurum var. Düşünürəm ki, bu qurum xidmətini daha da aktivləşdirməlidir. Qeyd edim ki, ərzaq məhsullarındakı bahalaşma bütün dünyada mövcuddur”.

İqtisadçı qeyd edib ki, qiymətlərin bahalaşmasına səbəb olan digər amil yerli istehsalın zəifliyi və bunun fonunda ölkəmizin idxal amilindən asılı olmasıdır:

“İdxal amili dedikdə, məsələn, çörək istehsal etmək üçün buğdanı xaricdən gətiririksə, əlbəttə, bu durum qiymətlərə təsir göstərəcək. Yaxud da süd məhsulları istehsal edirik, lakin Azərbaycana quru süd gətiririksə, yerli istehsal idxal amilindən asılı qalacaq. Yerli istehsal şaxələnməli və güclənməlidir. Məsələn, ölkəmizdə süd məhsulları kimi quru südün özü də istehsal olunsa yaxşı olar. Bu, istehsalın tamamlanması deməkdir. Bahalaşmaya səbəb olan iki amili-inhisarçılığı azaltmağı və istehsalı gücləndirməyi həyata keçirsək, qiymət artımının qarşısını almaq mümkündür”.

Yeganə Bayramova