Neftin qiyməti 10 dollardan çox artıb! – “Bu, iki faktordan qaynaqlanır”

Dünya bazarlarında “Brent” markalı neftin qiyməti 2018-ci il oktyabrın 23-dən sonra ilk dəfə olaraq 80 ABŞ dolları səviyyəsini ötüb. Buna dünyada xammala olan tələbin təklifi üstələməsi səbəb olub. Bakı vaxtı ilə 08.16-ya olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin dekabr fyuçersləri 0,85% bahalaşaraq, 1 bareli 79,36 ABŞ dollarına satılıb. “Brent” neftinin noyabr fyuçerslərinin qiyməti isə 0,83% artıb və 1 bareli 80,19 ABŞ dolları təşkil edib. Gün ərzində qiymət 80,35 ABŞ dollarına çatıb.
WTI neftinin noyabr fyuçerslərinin qiyməti 0,85% bahalaşaraq, 1 bareli 76,09 ABŞ dolları təşkil edib.

 Qiymət artımı dünyada təklifin asta templərlə artması fonunda xammala olan tələbin yaxşılaşması perspektivləri ilə bağlıdır. Bazarlar həmçinin OPEC-in yeni proqnozunu gözləyirlər.

 
Neftin qiymətinin bahalaşmasına dair “Sherg.az”a açıqlama verən Neft Araşdırmalar Fondunun rəhbəri, iqtisadçı İlham Şaban sentyabr ayı ərzində qiymətin 10 dollardan çox artmasının əsasən iki faktordan qaynaqlandığını qeyd edib:

 “Birinci səbəb odur ki, əvvəllər neftin qiymətinin artımı öz arxasınca qazın qiymətini  də artırırdı. Bu dəfə isə əksinə oldu. Qazın qiymətinin kəskin artımı bazarda neft məhsullarına olan tələbatı çoxaltdı. Bu durum da neftin qiymətinin bahalaşmasına şərait yaratdı.

 Bahalaşmanın ikinci səbəbi klimatik faktorlardan qaynaqlanır. ABŞ-da 1 ay içində iki- “İda” və “Nikolas” qasırğası baş verdi. Nəticədə neft hasilatı 1.5-1.7 milyon barel azaldı. Bu azalma ABŞ-da həftəlik neft ehtiyatlarının da azalmasına gətirib çıxartdı. 

Bütün bunlar neftin qiymətinin 80 dolları keçməsinə səbəb oldu. Qiymətlərin belə olması təbii ki, uzunmüddətli davam edə bilməz.

 Bazarda ötən ildən neftin həcmlərinin kəskin düşməsi ilə bu il ona artan tələbata olan reaksiya nümayiş olunur. Düşünürəm ki, bazar bir müddətdən sonra özünü bu prosesə uyğunlaşdıracaq”.

 
Yeganə Bayramova