Dünyada idman geyimlərinin qıtlığı yaşanacaq


Pandemiya ilə əlaqəli bir çox ticarət zəncirləri qırılıb

Amerikalı idman geyimləri istehsalçısı "Nike" logistika sahəsində qlobal problemlər səbəbindən məhsullarının mümkün çatışmazlığı barədə xəbərdarlıq edib. Şirkət idman ayaqqabılarının istehsalında və çatdırılmasında yaranan fasilələrin 2022-ci ilin yazına qədər davam edə biləcəyini açıqlayıb. Təchizat zəncirinin kəsilməsi və Asiyada işçi çatışmazlığı buna səbəb kimi göstərilir. 

Amerikalı istehsalçı artıq gələn il üçün öz satış proqnozunu azaldıb. Şirkətin məhsullarının dörddə üçü istehsal edilən Vyetnam və İndoneziyadakı fabrikləri yerli hökumətin koronavirusla bağlı məhdudiyyətlərindən təsirlənib. Bundan əlavə, Asiyadan Şimali Amerikaya məhsul göndərmə vaxtı iki dəfə artaraq 40 gündən 80 günə çatıb. ABŞ-da bu hal artıq uşaq oyuncaqları, taxta, yeni geyim və ev heyvanları üçün qida çatışmazlığına və nəticədə daha yüksək qiymətlərə gətirib. Oyuncaq istehsalçısı "Hasbro" və idman geyimi nəhəngi "Adidas" kimi digər böyük markalar da tətil mövsümündə potensial təchizat problemləri barədə bildirib. Həmçinin, İngiltərədə yüksək qaz qiymətləri səbəbindən müəyyən məhsulların, yanacağın çatışmazlığı yaşanır. Bəs, idman ayaqqabılarının istehsalında və çatdırılmasında yaranan fasilələr Azərbaycana necə təsir edəcək?
İqtisadçı-ekspert Natiq Cəfərli "Şərq"ə açıqlamasında bildirib ki, dünyada pandemiya ilə əlaqəli  bir çox təchizat zəncirlərində problemlər yaşanmaqdadır. Ekspert vurğulayıb ki, bu, avtomobil sənayesinə də təsir edib: "Hazırda bir sıra sahələrin zəncirlərində qırılmalar müşahidə olunur. Hətta bir çox ölkələrin avtomobil şirkətləri istehsalı ya müvəqqəti dayandırmağa, ya da ki, azaltmağa qərar veriblər. Bu kimi bənzər hadisələrə digər sahələrdə də şahid oluruq. Bu, iqtisadi münasibətlərin pandemiyadan dolayı çox ciddi zərər görməsi, ziyana uğramasıdır. Yəni pandemiya kifayət qədər bu sahədə problemlər yaradıb və bu səbəbdən də hazırda təchizat zəncirlərinin dəyişməsi baş verməkdədir. Asiyanın bəzi ölkələrindən, o cümlədən Çindən təchizat zəncirlərinin digər ölkələrə, o cümlədən Türkiyə üzərindən də qurulmasına çalışılır. Hətta Türkiyə hökuməti bunun üçün kifayət qədər əmək sərf edir. Ona görə də bu, obyektiv problemdir və 2022-23-cü ilə qədər davam edəcək. Çünki sərhəd keçidinin çətinləşməsi, logistik xətlərdə yaranan problemlər bir çox hallarda bu problemin artmasına səbəb olan əsas amillərdəndir".

 Ekspert diqqətə çatdırıb ki, Azərbaycan bir çox məhsullardan, o cümlədən də idman geyimlərindən idxaldan asılı olan bir ölkədir:

 "Nike" brend markası olduğuna görə, Azərbaycanda  da populyardır. Lakin buna baxmayaraq, geniş satış həcminə malik deyil. Çünki bizdə bu ayaqqabıların qiyməti çox bahadır. Ona görə də insanlar daha çox ucuz və bənzəri firmalara, ayaqqabılara üstünlük verirlər.  Amma idman ayaqqabılarının istehsalında və çatdırılmasında yaranan fasilələr müəyyən qiymət artımına təsir edəcək bir amilə çevrilə bilər. Ancaq düşünmürəm ki, məhz bu səbəbdən qiymət artımının sürəti xeyli arta bilər. Çünki son illər onsuz da bizdə inflyasiya kifayət qədər sürətlənib".

Aynurə Pənahqızı