Ətin qiyməti bahalaşa bilər


Qarabağ zonasında heyvandarlıq tezliklə inkişaf etdirilməlidir

Azərbaycandan Türkiyəyə diri heyvan və heyvan məhsullarının ixrac imkanları ilə bağlı müzakirə olunub. Bu barədə müzakirələr Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə rəsmi səfəri çərçivəsində bu ölkənin kənd təsərrüfatı və meşəçilik naziri ilə görüşündə aparılıb. 

Görüş çərçivəsində qida təhlükəsizliyi sahəsində iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə normativ hüquqi bazanın təkmilləşdirilməsi, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq üzrə Saziş”in və “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq üzrə Saziş”in imzalanması prosesinin sürətləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Türkiyənin Kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli qeyd edib ki, Azərbaycan və Türkiyə arasında qida və kənd təsərrüfatı məhsulları üzrə ticarət əlaqələrinin genişləndirilməsi məqsədilə iki ölkənin müvafiq qurumları arasında səmərəli əməkdaşlıq qurulub. 

Bəs, bu əməkdaşlıq ət məhsullarının qiymətinin artımına səbəb olacaqmı? 

Mövzu ilə bağlı iqtisadçı-ekspert Rauf Qarayev "Şərq"ə açıqlamasında bildirib ki, Qarabağ zonasında heyvandarlıq tezliklə inkişaf edərsə, o zaman Azərbaycanda ətin qiymətində artım olmayacaq. Ekspert qeyd edib ki, ancaq indiki vəziyyətdə Türkiyəyə diri heyvan və heyvan məhsulları ixrac edilərsə, o zaman ətin qiyməti kəskin şəkildə qalxa bilər: 

"Üstəlik, yerli ət bazarında məhsul qıtlığı yaranacaq. Bu isə qiymətlərin artım tempini sürətləndirəcək. Amma ümumən götürsək,  Azərbaycan ildə xeyli ət məhsulu ixrac edə bilər. Əgər ölkə üzrə müəyyən heyvandarlıq sahəsi üçün ucuz yem tədarükü məntəqələri açılarsa, təbii ki, qiymət artımı baş verməyəcək. Ancaq əks halda qiymət artımı qaçılmazdır".

Aynurə