Millət vəkili təklif verdi: Vətəndaş pensiya kapitalından başqa məqsədlər üçün də istifadə etməlidir

“Milli Məclisdə büdcə müzakirələrində sosial sfera ilə bağlı təkliflərimdən biri də pensiya kapitalından digər məqsədlər üçün istifadə edilməsi ilə bağlı oldu”. 

Bu barədə “Sherg.az”a açıqlamasında millət vəkili Vüqar Bayramov deyib. 

Deputat bildirib ki, mövcud qaydalara əsasən, vətəndaşlarımız öz yığımlarından yalnız pensiya almaq üçün istifadə edirlər: 





 
“Amma bir sıra ölkələrdə pensiya kapitalından digər məqsədlər üçün istifadə etmək hüququna malikdirlər. Məsələn, bəzi ölkələrdə yığımların üçdə biri kommunial xidmətləri ödəmək, kredit qaytarmar və s. istiqamətlər üçün istifadə edilir. Bəzi vətəndaşlarımızın pensiya kapitalı kifayət qədər böyük olur. Pensiya yaşına çatmamış 200 min manatdan çox kapitalı olan vətəndaş həmin puldan yalnız pensiya almaq üçün istifadə edə bilir. Bu baxımdan, təklif edirik ki, vətəndaşa yığdığı pensiya kapitalının bir hissəsinin kommunal xidmət haqqının və ya kredit ödənişi kimi istifadə edilməsi hüququ verilsin”.

V.Bayramov qeyd edib ki, əgər vətəndaş tələb olunan pensiya kapitalını toplayıbsa, o zaman əlavə vəsaitin 30 faizini başqa məqsədlər üçün istifadə etməsi məqsədəuyğun olardı: 

“Yəni, əgər vətəndaşın 60 min manat pensiya kapitalı yığımları varsa, o zaman onun 18 min manatını kredit qaytarmaq, kommunal xidmətlərin pulu ödəmək üçün istifadə etmək hüququna malik olması məqsədəuyğun olardı. Digər 42 min manat isə birbaşa pensiya ödənişləri üçün istifadə oluna bilər. Bu həm də yığımlara marağı artırar və qeyri-rəsmi məşğulluğun daha da leqallaşdırılmasına səbəb ola bilər. Bu hal həmçinin vəsaitin daha ünvanlı istifadəsinə imkan yaradar”.