Gələcəkdə yeniliklər gözlənilir

Azərbaycan və Gürcüstan enerji sistemləri birləşdiriləcək

Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf nazirinin müavini Romeo Mikautadze Azərbaycana işgüzar səfəri çərçivəsində “Azərenerji” ASC-nin prezidenti Balababa Rzayevlə görüşüb. Azərbaycan və Gürcüstanın enerji sistemlərinin birləşdirilməsi müzakirə olunub. Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyindən bildirilib ki, tərəflər iki ölkə arasında energetika sektorunda əməkdaşlığın prioritet istiqamətlərini müzakirə ediblər:

"Azərbaycan bu sahədə Gürcüstanın strateji tərəfdaşıdır. Gürcüstan və Azərbaycan elektrik enerjisinin ötürülməsi üzrə mövcud infrastrukturun müasir tələb və çağırışlara tam cavab verməsi üçün gələcək inkişafı gündəlikdə durur".
Görüş zamanı əlavə elektrik ötürücü xətlərinin inşası üzrə birgə həyata keçirilən layihələr də nəzərdən keçirilib.
R.Mikautadze Gürcüstanın energetika bazarında aparılan islahatlar barədə“Azərenerji”nin rəhbərini məlumatlandırıb.
Sonda tərəflər iki ölkənin enerji sistemlərinin birləşdirilməsi üçün əlavə ötürmə infrastrukturunun inşasının vacibliyini vurğulayıblar.

Müzakirədə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze də iştirak edib.
REAL Partiyasının sədr müavini, iqtisadçı-ekspert Natiq Cəfərli "Şərq"ə açıqlamasında bildirib ki, Azərbaycanla Gürcüstan arasında elektrik enerjisi mübadiləsi aparılırdı:

"Sadəcə artıq xətlərin daha da genişləndirilməsi, ötürmə qabiliyyətinin artırılması, qarşılıqlı enerji mübadiləsinin təminatı barədə yeni qərarların verilməsi və yeni infrastrukturun qurulması gözlənilir. Çünki son zamanlar Azərbaycan elektrik enerjisinin ixracında da kifayət qədər ciddi irəliləyiş əldə edib. Ölkəmizin ixrac etdiyi elektrik enerjisi ilə bağlı əsasən də İran, Gürcüstan və Rusiya ilə müqavilələr mövcuddur. Bu istiqamətdə qərarların verilməsi Azərbaycanın elektrik enerjisinin ixracat potensialının artırılmasında mühüm rol oynaya bilər. Ona görə ki, Gürcüstanın enerji generasiyası hələ kifayət qədər özünü təmin edə bilmir. Bir neçə yeni elektrik stansiyalarının tikilməsi ilə də bağlı qərar verilib. Reallaşsa, gələcəkdə Azərbaycan, Gürcüstan və Türkiyə elektrik xətlərinin birləşdirilməsi və mübadiləsinin təmin edilməsi ilə bağlı yeniliklər ola bilər".