Evsizlik ailələrin dağılmasına şərait yaradır

İqtisadçı deyib ki, sosial ipoteka ilə mənzilə çıxış imkanları çox məhduddur

Natiq Cəfərli: "Ayrıca dövlət ipoteka bankının yaradılması daha məqsədəuyğun olar"

Milli Məclisin deputatı Vüqar Bayramov güzəştli ipoteka verilən zaman bəzi kateqoriyadan olan vətəndaşlar üçün 10 faizlik ilkin ödənişin subsidiya edilməsi təklifi ilə çıxış edib. 
V.Bayramov diqqətə çatdırıb ki, 10 faizlik ilkin ödəniş ləğv və ya subsidiya edilə bilər:

"Güzəştli ipoteka kreditləri maksimum 100 min manat məbləğdə 30 il müddətinə və 4 faiz dərəcəsi ilə təklif edilir. Bu kreditlər üçün minimal ilkin ödəniş 10 faizdir. Nəzərə alsaq ki, güzəştli ipoteka götürən vətəndaşlarımız xüsusi dəstəyə ehtiyacı olan kateqoriyadır, təklif edirik ki, bəzi vətəndaşlarımız üçün güzəştli ipoteka kreditləri subsidiya olunsun. Xüsusən də jurnalistlərin, orta məktəbdə çalışan müəllimlərin əmək haqqları yüksək deyil. Bunun fonunda sosial ipoteka götürmək üçün ilkin ödəniş onlara ən böyük əngəl yaradır. Ona görə də həmin vətəndaşlar üçün güzəştli ipoteka krediti götürən zaman 10 faiz ilkin ödəniş İpoteka və Kredit Zəmanət Fondu subsidiya tətbiq edə bilər. 

Deputat qeyd edib ki, belə olduğu halda vətəndaş ilkin ödəniş etmədən kredit götürüb, mənzili almaq imkanına malik ola bilər: "Bu güzəştin reallaşması insanların güzəştli ipoteka kreditindən daha çox faydalanmasına gətirib çıxarar. Kreditlərə əlçatanlığı artıra bilər. Bununla bağlı təkliflər artıq hökumətə təqdim edilib".

Təklif barədə fikirlərini "Şərq"ə bölüşən REAL Partiyasının sədr müavini, iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanda ipotekanın əlçatanlığını artırmaqla bağlı qərarların verilməsinə ehtiyac var:

 "Bəlkə də ayrıca bir ipoteka bankının yaradılması daha məqsədəuyğundur. Çünki sosial ipoteka ilə mənzilə çıxış imkanları çox məhduddur.  İl ərzində bir neçə yüz mənzil ancaq güzəştli ipoteka vasitəsilə satışa çıxarılır. İnsanlar bəzən illərlə növbə gözləməyə məcbur qalır. Ona görə də ipoteka siyasətinin özü sosiallaşdırılmalıdır. Sosial siyasətin tərkib hissəsinə çevrilməlidir. Mənzilə çıxış imkanları asanlaşdırılmalıdır".

İqtisadçı ümumilikdə ipoteka siyasətinin dəyişdirilməsinə, yenidən tənzimlənməsinə, sadələşdirilməsinə ehtiyac olduğunu vurğulayıb: 

"Çünki ipoteka ehtiyacı həddindən artıq yüksəkdir. Gənc ailələr uzun illər evsiz qalırlar. Bu, psixoloji, sosial problemlərə səbəb olur. Daha ciddi narahatlıqlar doğurur. Ailələrin dağılmasına şərait yaradır. Fərqli kateqoriyalı insanlara cüzi güzəştlərin tətbiq edilməyindənsə, ayrıca dövlət ipoteka bankının yaradılması və mənzilə çıxış imkanlarının kifayət qədər sadələşdirilməsi zəruridir. Bu da həm mənzil bazarının tikinti sektorunun canlanmasına, həm də vətəndaşların sosial problemlərinin həllinə kömək ola bilər".